Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Yuxarı Çardaxlar kənd sakini Ağalarov Şaban ismayıl oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndinə yollandıq.
Şəhidin qardaşı Rövşənlə görüşüb, xeyli söhbətləşdik:Ağalarov Şaban ismayıl oğlu 1971-ci il yanvar ayının 13-də Yuxarı Çardaxlar kəndində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirib. 1989-1991-ci illərdə Rusiyada, “Primorskiy krayda” hərbi xidmət edib. 1992-ci ilin avqust ayında çağırışla Qarabağa gedib. 1994-cü il yanvarın 13-də yaralanıb, 19-u isə şəhid olub. Yanvarın 22-də Yuxarı Çardaxlar kənd qəbirstanlığında dəfn olunub.
Biz ailədə 5 uşaq olmuşuq, 3 oğlan 2 qız. Şaban ortancıl uşaq olub. Sürücülük məktəbini oxuyub. Sürücü olub, ural yük maşını sürüb. Ərzaq aparan vaxtı ermənilər artilleriya zərbəsi ilə maşını vurublar.
Müharibədən əvvəl kənddə sement zavodda da, işləyib. Atamız İsmayıl Ağalarov rəhmətə gedib.
Anamız Kərimət isə oğul dərdi ilə yaşayır.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Şaban Ağalarovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.