Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Mosul kənd sakini Babayev Aydın İslam oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Mosul kəndinə yollandıq.
Şəhidimizin qardaşı Cərulla ilə görüşüb, xeyli söhbətləşdik: “Babayev Aydın İslam oğlu 1968-ci il yanvarın 15-də Zaqatala rayonunun Mosul kəndində anadan olmuşdur. 1977-1987-ci illərdə Mosul kənd orta məktəbində təhsil alıb. 1989-cu ildə Sovet ordusunda, Gürcüstanın Batumi şəhərində hərbi xidmətdə olub. 1990-cı ildə geriyə, vətəninə gəlib. Bir müddət kənddə kənd təsərrüfatı ilə məşğul olub. 1993-cü ildə isə Qarabağa, müharibəyə gedib, müharibədə tankçı olub. 1993-cü il aprelin 9-da Murovdağda gedən döyüşlərdə şəhid olub. Kənd qəbirstanlığında dəfn olunub. Öz tankı vurulub, dostunun tankını götürüb, yenidən gedib döyüşə.”
Ailədə 8 uşaq olublar 4 oğlan 4 qız, Aydın evin ortancıl övladı olub. Böyük qardaşı Cərulla həmin vaxtı ailəli olub. Aydın qardaşına deyib ki, mən imkan vermərəm ki, sən ailəni qoyub, gedəsən müharibəyə. uşaqlar başsız qalsa çox pis olacaqdır. Odur ki, döyüşlərə özüm gedəcəyəm. Getdi və şəhid olub gəldi. Məktəbin adı şəhidin adını daşıyır. Dövlət tərəfindən ev də, verilib. Atası İslam və anası Nazilə xanım rəhmətə gediblər.
Şəhid atasız böyüyüb o 6 aylıq olanda atası rəhmətə gedib.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Aydın Babayevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.