Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Yuxarı Çardaxlar kənd sakini Əliyev Nüsrət Abdulla oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndinə yollandıq.
Şəhid haqqında onun qardaşı Zahirlə görüşümüz zamanı xeyli söhbətləşdik: Əliyev Nüsrət Abdulla oğlu 1971-cü il iyunun 15-də Yuxarı Çardaxlar kəndində anadan olmuşdur. 1978-ci ildə kənd orta məktəbinə daxil olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirib. 1989-1991-ci ildə Arxangelsk vilayətində hərbi xidmətdə olub. 1992-ci ilin avqust ayında torpaqlarımızın bütövlüyü uğrunda gedən Birinci Qarabağ müharibəsinə gedib. Füzuli bölgəsində düşmənə qarşı vuruşub. 1992-ci il noyabr ayının 6-da Uryandağ uğrunda gedən ağır döyüşlərdə vuruşmuş, bir neçə ermənini məhv etdikdən sonra əsir düşməmək üçün son gülləsini köksünə sıxmışdır. Subay idi. Qəbiri kənd qəbristanlığındadır.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Nüsrət Əliyevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.