Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Faldar kənd sakini Səmədov Cövdət Cavad oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Faldar kəndinə yollandıq.
Şəhidimizin ailə üzvləri ilə, Cövdətin bacısı və qardaşları, Səlminaz, Novruz, Gülməmməd, Süleyman Hidayət, Cavid, əkiz tayı bacıları Almaz, Çimnaz, Gülyaz və Amaliya ilə görüşüb, xeyli söhbətləşdik:
Səmədov Cövdət Cavad oğlu 1970-ci il iyunun 12-də Zaqatala rayonunun Faldar kəndində ziyalı ailəsində anadan olmuşdur. 1977-85-ci illərdə Faldar kəndində 8 illik və 1987-ci ildə Qandax kənd orta məktəbini 9-10-cu sinifini bitirmişdir. 1988-90-cı il Leninqrad şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərlikdən gələndən sonra Texnikuma qəbul olub. Cövdətin uşaq yaşlarından idmana çox marağı olmuşdur. Bu səbəbdən o Bakı bədən tərbiyəsi texnikumunun qiyabi şöbəsinə daxil olmuşdur. Texnikumu bitirdikdən sonra Faldar və Qandax kəndlərində bədən tərbiyəsi müəllimi kimi fəaliyyət göstərmişdir. 1992-ci il dekabrın 22-də könüllü olaraq, Qarabağa, cəbhəyə yollandı. Cövdət Vətən uğrunda gedən döyüşlərdə cəsarətlə iştirak etmişdir. O, Ağdamda ,Tərtərdə, Füzulidə qəhrəmanlıq göstərərək, vuruşmuşdur. Subay olub. Bu gün Faldar kənd orta məktəbi şəhidin adını daşıyır. Həvəskar fotoqraf olub. Onun arzusu Hərbi müəllimi olmaq olub. Ümumiyyətlə bu ailədə böyüyən kişilərin çoxu hərbi vətənpərvərlik ruhunda böyüyüblər. Belə ki, qardaşı nəvəsi İlkin Səmədov da, Vətən müharibəsi iştirakçısı olub.
Cövdətlə bağlı, döyüş yoldaşları deyib ki, o çox cəsur olub, heç nədən qoxmayıb. Hətta son döyüşündən belə danışıblar. Cövdət ayağa qalxıb əl pulemyotu ilə ermənilərin böyük miqdarda əsgərini məhv edib. 1994-cü il yanvarın 24-də məzuniyyətə gəlib və geri gedib.
Cövdət Yanvarın 26-da Vətənin bütövlüyü uğrunda, Qarabağımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Faldarlı kənd qəbirstanlığında dəfn olunub. Quba, Qusar, Zaqatala, Balakən batalyonlarında döyüşüb. Son döyüşü Füzulidə, Şişqayada olub. Doyüş yoldaşları deyir ki, silahımız bitmişdir, Cövdət “RPK” ilə döyüş meydanında tək qalıb və sona qədər vuruşub.
Onun gülləsi bitdiyi üçün geriyə çevrilib deyib ki, mənə güllə verin. Onda snayperlə alnından vurulub. Sonra tank və artilleriya atəşləri olub. Onların meyitinin tanınması üçün dostları şərfini Cövdətin yanına qoyublar ki, sonra dəqiqbilsinlər ki, bu kimin nəşidir.
Son dəfə məzuniyyətə gələn vaxtı məktəbə gedib, bütün müəllim həmkarları ilə görüşüb, halallaşıb. Deyib ki, gəlməyə də, bilərəm.
Bacısı Amaliya: uşaq vaxtı çox dəcəl olub.Çox cəld idi, xeyli dalaşırdıq, əlində taxta silah olardı və biz onunla güllə-güllə oynayardıq. Onun bütün fikiri döyüşmək və hərb oyunları idi, ümumiyyətlə hərbini sevirdi. Müəllim dostları deyirdi ki, kollektiv arasında da, çox vətənpərvər olub. Sovet vaxtı Hərbi müəllim yanına gedər silah sökməyi öyrənərdi. Boyu çox balaca, 1,55 sm olub.
Onun komandirləri Cövdətə balaca Rembo deyirdilər. Çox cəld akrobatik hərəkətlər edərdi.
Cövdətgil beş əsgər Zaqatalalı olublar, eyni yerdə, son dəfə döyüşüblər və hamısı da, şəhid olublar. Cövdət şəhid olandan sonra səngərdə qalıb, üstündən tank keçib və onları batırıb. İki gün sonra meyiti tapıb çıxarıblar. Cövdət heç vaxt bilmirdi ki, müharibə olacaq. Ancaq hərbiçi olmağı da, çox istəyirdi.
Atamız Cavad və anamız Gülzar xanım rəhmətə gediblər.
Atamız Cavad və əmimiz Gülməmməd də, böyük Vətən müharibəsində döyüşüblər.
Cövdətin anası Gülzar ana qəhrəman ana olub. Ailədə 11 uşaq olublar, 6 qardaş 5 bacı. Cövdət özü də, əkiz tayıdır.
Şəhidin bacısı oğlu Fərid Fərhad oğlu Məmmədov da, Vətən müharibəsində iştirak edib. Fəridin atası Fərhad hazırda Sərhəd Xidmətində işləyir. Fərid həmdə qazidir, Şuşanın alınmasında böyük xidməti olub. Onun Şuşanın alınması şucaətinə görə və s. medalları var.
Cövdətin bacısı Səlminazın oğlu Hüseyn Allahyarov da, Birinci Qarabağ müharibəsində şəhid olub.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Cövdət Səmədovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.