Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Yuxarı Çardaxlar kənd sakini Əfəndiyev Elşən Əhməd oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndinə yollandıq.
Şəhidimizin qardaşı Ədalətlə görüşüb, xeyli söhbətləşdik: Əfəndiyev Elşən Əhməd oğlu 1974-cu il dekabrın 25-də Yuxarı Çardaxlar kəndində anadan olmuşdur. 1992-ci ildə orta məktəbi bitirmiş, həmin il dekabrın 28-də isə, hərbi xidmətə yola düşmüşdür. Əvvəlcə Şəmkir rayonunda xidmət etmiş, 1993-cü ilin fevralında Ağdərə, Goranboy, Çıldıran uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin iyulun 27-də, kəşfiyyatdan qayıdarkən düşmən gülləsinə tuş gəlmişdir.
Mən özüm də, Şəmkirdə xidmət etmişəm. Ağdam özünü müdafiə batalyonunda könüllü olaraq, Ağdam- Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişəm.
Qardaşım 1992-ci il mayın 1-də, cəbhəyə könüllü gedib. Ağdam və Ağdərədə döyüşüb, ağır artilleriyada olub. Diversiyada kəşfiyyatçı olub. Qantuziyada alıb. 1992-ci il iyulun 29-da geri gəlmişdir. 1994-cü iyulun 27-də Hikmət Mirzəyevin dəstəsində olub. Kəşviyyat bölüyü komandiri olub. 2 il döyüşüb, atıcı olub. Hikmət Elşənin yaxşı xidmətinə görə ona “bretka” baş örtüyü bağışlayıb. Evə məzuniyyətə çox az gələrdi. Şəhid olana kimi döyüşlərdə olub. Qardaşım hündürboylu bir əsgər idi. Bizim Uşu-sanda kitabımız var idi, kənd uşaqlarını yığıb karate dərsi keçərdik. Özü də, idmançı kimi öz üzərində işləyirdi. Deyirdi ki, döyüşdə erməni qarşısında, əlbəyaxa qalarıqsa məğlub olmayaq.
Ləqəbi avar olub. Həmin dövrdə Prezident Qvardiyasının uşaqları mühasirəyə düşmüşdülər. Elşən mühasirədə olmasına baxmayaraq, gedib ermənilərin arasında evlərdən qapılar çıxardıb gətirib ki, əsgərlər torpaqda yatmasınlar. Hikmət bu qəhrəmanlığı yüksək qiymətləndirib, və Elşənə “Bret” papaq bağışlayıb. Son döyüşü Ağdamın Rzalar kəndində olub. Dversiya kəşfiyyatından qayıdan zaman mühasirəyə düşüb. Silah bitənə kimi döyüşüb və sonunda özünü partladıb. Şəhidin qəbri kənd qəbristanlığındadır.
Ailədə 6 uşaq olmuşuq, 3 qardaş 3 bacı. Atamız Əhməd və anamız Havva xanım rəhmətə gediblər. İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Elşən Əfəndiyevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.