Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Yuxarı Çardaxlar kənd sakini Əfəndiyev Elşən Elçin oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndinə yollandıq.
Şəhidimiz haqqında kənd camaatı və doğmalarıyla görüşüb, xeyli söhbətləşdik:
Əfəndiyev Elşən Elçin oğlu 1995-ci il dekabrın 7-də Yuxarı Çardaxlar kəndində anadan olmuşdur. 2002-ci ildə Yuxarı Çardaxlar kənd tam orta məktəbinə daxil olub. 2013-cü ildə həmin məktəbi bitirmişdi. 2014-cü ilin yanvar ayının 9-da hərbi xidmətə gedib. Gədəbəy rayonu Şınıx kəndində düşmənin təxribatı nəticəsində həlak olub.
Hərbi xidmətə gedən vaxtı əvvəlcə Gəncədə, hərbi hissədə sonra isə Şəmkirdə olub. Pulemyotçu olub, bu sahədə xüsusi kurs da, bitirib. Gədəbəydə meşəli deyilən postda xidmət çəkdiyi zaman hücuma məruz qalıb. 2015-ci il yanvarın 23-də şəhid olub. Həmin postda xidmət edənlərdən 1 nəfər sağ qalıb, geri qalanlar hamısı şəhid olublar. Uzaqdan postumuz qranatomyotla vurulub. Elşənin döyüşdə yaxşı xidmətə görə 3 -cü dərəcəli fəxri fərmanı da, olub.
Ermənilər əvvəlcə uzaqdan post komandirini vurmuşdular. Sonra posta hücum ediblər, ancaq uşaqlar kişi kimi döyüşüblər. Elşən sərbəst güləşçi olub, ümumiyyətlə gözündə qorxu olmayan, hündürboy əsil Azərbaycan əsgəri olub. Şəhid kənd qəbristanlığında dəfn olunub.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Elşən Əfəndiyevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.