Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Yengiyan kənd sakini Əlixanov Eyvaz Məhəmməd oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Yengiyan kəndinə yollandıq.
Və şəhidimizin qardaşı Sərxanla görüşüb, xeyli söhbətləşdik: qardaşım Əlixanov Eyvaz Məhəmməd oğlu 1975-ci il dekabrın 22-də Zaqatala rayonunun Yengiyan kəndində anadan olub. 1982-1993-cü illərdə orta məktəbdə oxuyub. 1993-cü ildə həqiqi hərbi xidmətə gedib.
1995-ci il dekabrın 24-də Ağdamın Əfətli kəndində şəhid olub. Hərbi xidmətə əvvəlcə Qusarda başlayıb. Eyvaz minaaxtaran kimi hazırlandıqdan sonra gedib müharibəyə. Əvvəlcə Ağdamda mina təmizləməyə başladılar. Onun yanında komandiri minaya düşüb, o da, aldığı qəlpə yarasından şəhid olub.
Biz ailədə 5 uşaq olmuşuq, 4 oğlan 1 qız. Ailəmizdə ikinci uşaq olub. Qardaşım orta məktəbdə yaxşı oxuyub, çox fəal olub. Şahmat oynamağı da, sevib. O, şəhid olanda müəlliməsi də, ağlayırdı.
Eyvaz Əlixanov Yengiyan kənd qəbirstanlığında dəfn olunub. Mədəniyyət evi şəhidin adını daşıyır.
Şəhidin adını qardaşı oğluna veriblər, 3-cü sinifdə oxuyur. Atası Məhəmməd kişi və anası Qəndab xanım rəhmətə gedib.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Elxan Əlixanovun
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.