Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala şəhərindən döyüşlərə qatılan Mürsəlov Azər Əsgər oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala şəhərinə yollandıq.
Və şəhidin doğmalarıyla görüşüb, xeyli söhbətləşdik.
Mürsəlov Azər Əsgər oğlu 9 may 1972-ci ildə Göyçə mahalında, Basarkeçər rayonunun Qoşabulaq kəndində anadan olmuşdur. Ermənistan ərazisindən azərbaycanlılar departasiya olunduğu üçün 1988-ci ildə İsmayıllı rayonunun Kəlbənt kəndinə köçüblər. 1993-cü il aprelin 7-də cəbhəyə gedib. 05.07.1993-cü ildə Ağdam rayonu Şelli kəndində gedən döyüşlərdə həlak olmuşdur. Kəlbənd kənd orta məktəbi onun adını daşıyır.
Orta məktəbi doğulduğu kənddə bitirmişdi. Əsgəri xidmətini Rusiyada başa vurduqdan sonra, geriyə Vətəninə dönmüşdü. Geri dönən vaxtı artıq ermənilər xalqımızın nümayəndələrini yaşadıqları ata-baba yurdundan qovurdular. Kim hara gəldi başını götürüb qaçırdı. Didərgin düşmüş insanlar arasında onun valideynləri də, var idi. Onun valideynləri böyük zülümlərlə İsmayıllı rayonunun Kəlbənd kəndində məskunlaşmışdılar.
Azər ermənilərin bu xəyanətindən çox məyus olmuşdu və ilk fürsətdə könüllü olaraq, cəbhəyə yola düşmüşdü. Azər Ağdamda vuruşan qəhrəman əsgərlərimizə qoşulmuşdu. Özünün cəsarəti, son dərəcə diribaşlığı ilə hər addımda seçilib. Batalyon komandiri ondan hədsiz dərəcədə razı olduğunu bildirmiş və onu bir neçə günlük evlərinə istirahətə buraxmışdı. Azər evlərinə gəlmişdi, əzizləri, qohum-əqrabası ilə görüşmüşdü. Sonra cəbhəyə qayıdarkən sanki ürəyinə nəsə damıbmış kimi həyətlərində əkdiyi qızılgül kollarını həyat yodaşına göstərərək: “ölsəm əgər bu güllərdən gətirib qəbrimin üstünə qoyarsan” demişdi. Və onunla vidalaşıb cəbhəyə qayıtmışdı.
Ağdamın Şelli kəndində ağır döyüşlər gedirdi. Düşmənin arxasına keçmək, ona arxadan zərbə vurmaq lazım idi. Azər qorxmadan bu ağır əməliyyatı öz üzərinə götürmüşdü. Əməliyyatı layiqincə yerinə yetirmişdi.
Azərin qəribə taleyi olub, Göyçədə doğulub, Qarabağda şəhid olub və son mənzili isə İsmayıllıda olub. Görünür bu da bir taledir, həm də, qürurlu taledir.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Azər Mürsəlovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.