Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Dağlı kənd sakini Şabanov İmran Şaban oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Dağlı kəndinə yollandıq.
Şəhidin doğmalarıyla, atası Şaban Şabanovla və anası Gülüzar xanımla şəhid haqqında xeyli söhbətləşdik:
Şabanov İmran Şaban oğlu 1975-ci il oktyabrın 16-da Zaqatala rayonunun Dağlı kəndində anadan olmuşdur. 1983-cü ildə Dağlı kənd orta məktəbinə daxil olmuş, 1993-cü ildə həmin məktəbi bitirmişdir. Daha sonra könüllü olaraq, cəbhəyə getmişdir. 1993-cü il dekabrın 12-də Ağdam, Füzulidə gedən şiddətli döyüşlərdə şəhid olub. Ailədə 8 uşaq olublar 2 oğlan 6 qız. Maşın sürməyə çox böyük həvəsi olub, sürücülük məktəbini də, oxuyub. Əsgərlikdə də, tankçı olub.
Son dəfə 1993-cü ilin əvvələrində evə gəlib sonra yenidən geriyə gedib və şəhid olub.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi İmran Şabanovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.