Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Faldar kənd sakini Süleymanov Famil Mayıl oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Faldar kəndinə yollandıq.
Şəhidin doğmalarıyla, o cümlədən qardaşı Mayislə görüşüb, xeyli söhbətləşdik:
Süleymanov Famil Mayıl oğlu 1975-ci il yanvarın 15-də Zaqatala rayonunun Faldar kəndində, zəhmətkeş bir ailədə anadan olmuşdur. 1982-1992 illərdə Faldar kənd orta məktəbində təhsil alıb.
Ailədə 6 uşaq olmuşuq, 3 oğlan 3 qız. Famil uşaqlardan ortancılı olub. Hərbi xidmətinə Salyan rayonunda başlayıb. Sonra 1994-cü il yanvarın 3-də Qarabağ bölgəsinə getdi. Salyanda xidmət edən vaxtı 1993-cü ilin dekabrında məzuniyyətə gəlmişdi. Təkrar 1994-cü ilin yanvarın 3-də, geriyə Qarabağa, xidmətə getdi. Füzulidə aprelin 6-a kimi döyüşüb, sonra gəlib Ağdərə, Tərtər bölgəsinə. 1994-cü il aprelin 25-də Ağdərədə gedən ağır döyüşlər zamanı itgin düşüb.
Döyüş yoldaşı görüb ki, üstü qandır, soruşub ki, Famil sən yaralısan? O, da, deyib ki, xeyir komandirim şəhid olub. Onu çıxarırdım, özümə heçnə olmayıb. Ondan sonra onu görən olmayıb.
Qardaşım ailədə sakit təbiətli, tərbiyəli və inadkar idi. Bir şeydən yapışdısa mütləq həll edərdi. Ata-anamız Familin dərdini çəkə bilmədilər, hər ikisi rəhmətə gedib. Atam sağlığında Famili çox axtardı tapılmadı. Döyüşdə pulemyotçu olub, yaxşı atıcı olub. Müharibədə çavuş olub. Boydan çox hündür idi, fiziki cəhətdən çox güclü olub, ona görədə dostları ona Rembo deyiblər.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Famil Süleymanovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.