Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala şəhər sakini Hacıyev Etibar Mahmud oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala şəhərinə yollandıq.
Şəhidimizin doğmalarıyla görüşüb, o cümlədən qardaşı qızı Ceyranla da, görüşüb, xeyli söhbətləşdik:
Əmim Hacıyev Etibar Mahmud oğlu 1963-cü il iyulun 5-də Zaqatala şəhərində doğulub. 1970-80 illərdə Şixəli Qurbanov adına 3 saylı məktəbdə təhsil alıb. 1981-ci ildə Almaniyada, sovet ordusunda xidmət edib. 1983-cü ildə hərbi xidmətini başa vurub və doğma vətəninə gəlib. Çilingər olub, maşın ustası kimi tanınan olub. 1992-ci il fevral ayında, 29 yaşında, könüllü olaraq cəbhəyə gedib. Ağdərə işğaldan azad olunduğu gün tankla vurulub, həm də, özünün doğum günündə.
Aşağı Tala kənd qəbirstanlığında dəfn olunub.
Döyüş yoldaşları deyiblər ki, çox yaxşı tank sürürmüş. Etibar Hacıyev Ağdərədə, Suqovuşan ətrafında gedən döyüşlərdə şəhid olub. Əmim Zaqatalanın ilk şəhidi olub. 05-07-1992-ci ildə Ağdərədə şəhid olub. Onlar ailədə 3 uşaq olublar 2 oğlan 1 qız. Əmimin qisasını qardaşı oğlu İkinci Qarabağ savaşında, “Vətən Müharibəsində” aldı. Belə ki, şəhid əmimin adını qürurla daşıyan, qardaşı oğlu Etibar Həmzə oğlu Hacıyev uşaqlıqdan qisas hissi ilə böyüyürdü. O, ikinci Qarabağ müharibəsində iştirak edərək erməni faşistlərindən əmisinin qisasını aldı. Suqovuşanın azad olunmasına görə medalı ilə də, təltif olunub. (3 oktyabr 2020 azad olunma)
Şəhid Etibar Hacıyevin atası Mahmud kişi və anası Səkinə ana artıq rəhmətə gediblər.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Etibar Hacıyevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.