Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Dağlı kənd sakini Nemət Mollayevdir.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Dağlı kəndinə yollandıq.
Şəhidin yaxınlarıyla, o cümlədən qardaşının ailəsi ilə görüşüb xeyli söhbətləşdik: Mollayev Nemət Mehralı oğlu 1974-cü il oktyabrın 18-də Zaqatala rayonunun Dağlı kəndində anadan olmuşdur. 1981-ci ildə hazırlığa gedib. 1982-ci ildə Dağlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirmişdir. Daha sonra könüllü olaraq cəbhəyə getmişdir. 1993-cü il iyulun 11-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Nemət Türkiyədə təlim keçib, snayper kurslarına gedib. Xüsusi hazırlanan Pribaltikadan gəlmiş ən adlı-sanlı qız snayperçilərin başçısı Jannanı da, məhz Nemət Mollayev vurub. Sonra onu məzuniyyətə buraxmışdılar. Jannanı vurduqdan sonra ermənilər onun ölümü üçün xüsusi hazırlaşdılar və sonunda snayperlə alnından vurdular.
Ailədə 4 uşaq olublar 2 oğlan 2 qız, Nemət ortancıl uşaq olub. Atası Mehralı və anası Gülüm xanım rəhmətə gedib.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Nemət Mollayevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.