Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Qandax kənd sakini Muradov Samir Qurban oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Qandax kəndinə yollandıq.
Şəhidin doğmalarıyla, o cümlədən qardaşı Sahiblə görüşüb, xeyli söhbətləşdik: Muradov Samir Qurban oğlu 1976-cı il mayın 5-də Zaqatala rayonunun Qandax kəndində anadan olmuşdur. 1983-cü ildə Zaqatala rayonunun Qandax kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 1993-cü ildə məktəbi bitirmişdir. 1994-cü ildə həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, 1995-ci ilin may ayının 8-də Ağcabədi rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Mayın 10-da Qandax kənd qəbirstanlığında dəfn olunub.
Biz ailədə 5 uşaq olmuşuq, 2 oğlan 3 qız. Samir evin böyük oğlu olub. Çox sakit uşaq olub. Çox kasıbçılıqla yaşamışıq, əziyyətlə böyümüşük. Oxumağa böyük həvəsi olub, deyirdi ki, gedim əsgərliyimi başa vurum, gəlib oxumağa gedəcəyəm.
Samirin adını nəvəmə vermişik. Dövlət şəhidin adına ev verib.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Samir Muradovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.