Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Əliabad qəsəbə sakini Hacıyev Adil İbrahimxəlil oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Əliabad qəsəbəsinə yollandıq.
Şəhid Hacıyev Adil haqqında onun doğmaları, qızı Mirvari, bacısı Alagöz xanımla həmsöhbət olduq: Hacıyev Adil İbrahimxəlil oğlu 1975-ci ildə anadan olmuşdur. Ailədə 5 övlad olmuşuq. Adil sonbeşik qardaş idi. Onu çox ərköyün böyütmüşdük. Çox gözəl xasiyyəti vardı. 1 saylı orta məktəbdə oxuyub, o, sinif yoldaşlarından fərqlənirdi. Çox mərd, igid biri idi. İdmanı çox sevirdi, həyətdə həmişə idmanla məşğul olardı. Həyətimizdə köhnə ev vardı o evi idman zalı kimi istifadə edirdi. Orta məktəbi bitirdikdən sonra 1993-cü ildə həqiqi hərbi xidmətə gedib. Birinci Qarabağ müharibəsində Füzuli, Ağcabədi, Xocavənd, Ağdərə və sonda Murov dağı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Əsgərlikdə çavuş idi. Əsgər yoldaşları öz aralarında onu “Bico” ləqəbi ilə çağırırdılar. O, məzuniyyətə tez-tez gələrdi. Məzuniyyətdən qayidanda əsgər yoldaşlarına yemək, siqaret aparardı.
Kənddə istədiyi qız da, var idi, biri-birilərini çox sevirdilər. Bir gün məzuniyyətə gələndə həmin qızı qaçırıb bizə gətirmişdi.
1996-cı ilin dekabr ayında gəldi və yeni doğulmuş, 3 aylıq qızını görüb getdi. O, həmişə deyirdi ki, hərbi bileti götürməyib gəlməyəcəm. Adil Vətəninə bağlı biri idi. 1997-ci il fevral ayının 2-də atama xəbər verdilər ki, Adil şəhid olub.
Şəhidimiz haqqında qızı Mirvari ilə də, söhbətləşdik: Atam məni 3 aylıq olanda görüb, mən də atamı şəkillərdə görüb tanımışam. Atam çox mərd biri olub. Çox gözəl rəqs edərmiş. Atam haqqında danışanda çox kövrəlirəm özümdən asılı deyil. Mən fəxr edirəm ki, atam şəhiddir. Atam şəhid olduqdan sonra anam ailə qurmayıb. Məni babam böyüdüb, çalışıblar ki, mənə atasızlığımı hiss etdirməsinlər. Atamın əsgər yoldaşları arasında hörməti böyük olub, onları “Murov Qartalı” adlandırırlarmış. Onun döyüş yoldaşları 2019-cu ildə gəldilər həm atamın qəbirini ziyarət etməyə, həm də, məni görməyə.
Şəhidimiz haqqında əsgər yoldaşı Əliyev Elgizlə də, söhbətləşdik: Mən Birinci Qarabağ qazisi, İkinci Qarabağ müharibəsi iştirakçısı olmuşam. Haciyev Adillə birlikdə, əsgər olan vaxtı təlimlərdə olmuşuq. Bütün çətinliklərdən onunla birlikdə çıxmışıq. Hamımız Adili “bico” ləqəbi ilə çağırırdıq. Adil əsgəri xidmətində, təlimlərdə seçilənlərdən olub. Təbii ki, komandamızda zəif adam ola bilməzdi. Hamımız eyni əqidəli, eyni düşüncəli, qarşımıza bir məqsəd qoymuşduq. Adil gözəl bir ad qoyub getdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar bu gözəl günləri bizə əmanət qoyub getdilər. Adil həm fikirləri, həm də hərəkətləri ilə hər birimizdən seçilirdi. Adil ilə qardaş kimi olmuşuq. İndi də, ailəsi ilə əlaqəmiz var. Çox təəssüflər olsun Adil şəhid olan zaman mən orada olmamışam. Mən yaralanmışdım, hospitalda olmuşam. Mən hospitaldan gələndə eşitdim ki, Adil şəhid olub. Adil haqqında ancaq gözəl sözlər demək olar. İllər keçsə belə onun kimi qardaşlıq dostluq edən birini tapa bilmərəm.
Adilin digər əsgər yoldaşı Məmmədov Abbas şəhidimiz haqqında danışdı: Mən Adili hərbi xidmətdə olan zaman tanımışam. Adillə əsgər yoldaşı kimi yox, qardaş kimi yaxın olmuşuq. Nə sirrimiz var idi bir-birimizlə bölüşərdik. Adil hər zaman əsgər yoldaşlarından fərqlənirdi, təlimlərdə, səhər idmanında hər birimizdən fərqlənirdi. Döyüş bölgəsinə getdik, elə orada da, Adil həmişə irəlidə, birinci gedərdi. Adil hərbi xidmətini yerinə yetirən zaman Murov dağında qar uçqununa düşdü. Adil haqqında çox danışmaq olar. O, vətənpərvər, gələcək nəsillərə örnək olan bir oğlandır. Allah şəhidlərimizə rəhmət eləsin.
Şəhidimiz haqqında onun əsgər yoldaşı Şahnəzər də, danışdı: Adil ilə 1993-cü ildə təlimlərdə Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə bir batalyonun tərkibində olmuşuq. Sonra Murov dağa gəldik orada qar uçqununa düşdü. Biz komandamız ilə birlikdə onun nəşini tapmaq üçün 4 ay qarı qazdıq və nəşini tapdıq.
Adil haqqında əsgər yoldaşı İsmayılov Azər də, öz fikirlərini bildirdi: Adil haqqında çox söz demək olar. Adil ilə Nasosnudan Murov dağına kimi 4 il birlikdə hərbi ximətdə olmuşuq. Biz Adillə çox yaxın olmuşuq. O, qar uçqununa düşən zaman komandirlərimiz bizə vaxt qoydu ki, Adilin nəşi tapılmalıdır. Onun briqadada çox böyük hörməti olub. Sürət Hüseynovun dövlət çevrilişində, Xanlar rayonunun telestudiyasını alanda ilk içəri girib 22 nəfəri qurtaran da, elə Adil olub. Birinci tesestudiyaya girən Adil olub. 4 nəfər olmuşuq ancaq Adil birinci içəri girib. Gəncə hadisəsində də, hərbi hissəyə birinci girən o, olub. Adil fiziki cəhətdən güclü insan idi. O, posta ac-susuz qalan yoldaşlarını yeməklə, silahla təmin etmək üçün çiynində patronlar, silahla yemək qaldıran zaman qar uçqununa düşüb və şəhid olub. Füzulidə Horadizdə, Qazaxlar kəndində, Cocuqmərcanlı kəndində baş verən döyüşlərdə qəhrəmanlıq göstərib. O, yoldaşları yaralı olan zaman döyüş meydanından çiynində çıxarıb, Murovda neçə yaralının həyatını elə xilas edib.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Adil Hacıyevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.