Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Faldar kənd sakini Qurbanov Barat Bəxtiyar oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Faldar kəndinə yollandıq. Şəhidimizin doğmalarıyla, qardaşı və sinif yoldaşlarıyla görüşüb xeyli söhbətləşdik: Qurbanov Barat Bəxtiyar oğlu 1973-cü il fevralın 10-da Zaqatala rayonunun Faldar kəndində, zəhmətkeş bir ailədə anadan olub. 1981-1991-ci illərdə Faldar kənd orta məktəbində oxuyub. Orta təhsilini Faldar kənd orta məktəbində aldığı dövrlərdə belə idmana böyük həvəs göstərmişdir. Bununla yanaşı hərbi sahəsinə də, böyük maraq göstərmişdir. Sinif yoldaşları arasında özünə böyük hörmət qazanmışdır. Azərbaycan Milli ordu sıralarına cağırılmış və Birinci Qarabağ müharibəsində iştirak etmişdir.
Ailədə 6 uşaq olublar, 5 qardaş 1 bacı. Barat ortancıl uşaq olub. 1991-ci ildə həqiqi hərbi xidmətə gedib. Altı ay hərbi xidmət edəndən sonra evə qayıdır, 1991-ci ildə yenidən geriyə, Füzuliyə xidmətə gedib. 1994-cü il aprelin 16-da Beyləqanda gedən döyüşlərdə şəhid olub, 17 -də Faldar kənd qəbirstanlığında dəfn olunub. Müharibədə Topçu olub. Döyüş yoldaşının nəşini döyüş meydanından gətirən zaman snayperlə vurulub.
Qardaşı Səyavuş:biz təkcə qardaş yox, həm də, yaxşı dost olmuşuq. Hara gedirdisə mənidə aparırdı. Elçin Bayramov (məktəb direktoru) Baratın sinif yoldaşı olub: Biz onunla fəxr edirdik. Çox qolu qüvvətli idi. Onun qolunu 5 nəfər qatlıya bilmirdik. Bizim “reketimiz” olub. Kəndlərarası tay-tuşla dava edəndə, ona arxayın olurduq. Sinif yoldaşlarının, qızların tərəfini çox saxlayardı. Nə vaxt sinif-sinif futbol oynayırdıqsa Baratın hesabına mütləq qələbə qazanırdıq. Hətta qonşu kəndlərin komandalarını da, məğlub edirdik. Səmədova Dilarə sinif yoldaşı: 17 qız 10 oğlan olmuşuq. Barat çox yaraşıqlı idi. Şəhid gətiriləndə açıb üzünə baxdıq. Necə ki, uşaqlıqdan gülərüz idi, eləcə də, gülürdü. Biz onunla həm də, qonşu olmuşuq. Çox vaxt bizə köməyə gələrdi, əsasən də, fiziki işlər görməyə gələrdi. Nə desəydik bizə gülüşlə cavab verərdi. Atası Bəxtiyar və anası Şölə xanım da, hər ikisi rəhmətə gediblər.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Barat Qurbanovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.