Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Dağlı kənd sakini Məhərrəmov Qəhrəman Ramazan oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Dağlı kəndinə yollandıq. Şəhidimiz haqqında onun həyat yoldaşı Xanım Məhərrəmovadan daha çox məlumatlar əldə edə bildik: Məhərrəmov Qəhrəman Ramazan oğlu 1969-cu il aprelin 17-də, Zaqatala rayonunun Dağlı (Qalal) kəndində anadan olub. 1976-cı ildə Dağlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. 1984-cü ildə 8 illik məktəbi bitirmişdi. Bakı dənizçilik məktəbinə daxil olub. Oranı bitirəndən sonra 1987-89-cu illərdə sovet ordu sıralarında, Udmurtiyaya hərbi xidmətə gedib.
Zaqatala rayonu kökəltmə birliyində, yem zavodunda operator işləyib. 1992-ci ildə könüllü olaraq, cəbhəyə yazılır və 1992-ci il iyunun 28-də Füzulinin Yuxarı Veysəlli kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Döyüşdə su və digər qida üçün irəlidə axtarışa başlayıblar. Ermənilər Qəhrəmangilin yerini tapıb oranı artilleriya atəşinə tutublar.
Ailədə 4 qardaş olublar. Qəhrəman son beşik olub. Şəhidimiz 1991-ci ildə ailə qurub Şahın adlı bir oğlu da var. Atasının ölümündən 40 gün keçmişdi ki, Şahin dünyaya gəldi. Uşağın uzunu görməyib. Şahinin oğluna isə şəhidin, Qəhrəmanın adı verilib.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Qəhrəman Məhərrəmovun da, qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.