Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Göyəm kənd sakini Qaralov Həmzət Verdi oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Göyəm kəndinə yollandıq. Və şəhidimizin doğmaları, anası Zülfət anayla və qardaşı Həzrət Qaralovla görüşüb, həmsöhbət olduq: Qaralov Həmzət Verdi oğlu 1974-cü il yanvarın 16-da Zaqatala rayonunun Göyəm kəndində anadan olub. 1981-1989-cu illərdə Göyəm kənd orta məktəbində oxuyub. 8-ci sinifi bitirdikdən sonra peşə məktəbinə gedib. Daha sonra dəmirçi peşəsinə yiyələnmək üçün usta köməkçisi olub. Çox yaxşı usta olub. Bir il işlədikdən sonra 1992-ci ilin iyununda hərbi xidmətə gedib. Payızda, Oktyabırın 13-də isə şəhid olub. Həmin gün də, Göyəm kənd qəbirstanlığında dəfn olunub.
Verdi və Zülfətin 6 uşağı olub, 3 oğlan 3 qız. Həmzət ortancıl uşaq olub. Çox ağıllı uşaq olub.
Qardaşı Həzrət: bizim üç yaş fərqimiz olub. Mən ondan balaca olmuşam. Həmişə məni yanında gəzdirib, iş yerinə, parka, futbol oynamağa aparıb. Özünə nə alardısa mənə də, ondan alardı. Çox istəkli qardaş olub.
Zülfət Ana: evlənməklə bağlı deyəndə deyərdi ki, əvvəl kişilik məktəbinə gedib, geri gəlim, sonra da, evlənərəm. Tütünçülüklə məşğul olurduq, mənə çox kömək edib, bütün işlərimizdə bizə dəstək olub. Böyük oğlum Hüseyn də, həmin vaxtı döyüşüb o könüllü idi.
Şəhidin adını qardaşı oğluna vermişik.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Həmzət Qaralovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.