Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Qandax kənd sakini Lələyev Mahir Zahir oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Qandax kəndinə yollandıq. Və şəhidin yaxınlarıyla, o cümlədən qardaşı Azadla görüşüb xeyli söhbətləşdik: Ailədə 8 uşaq olublar 6 oğlan 2 qız. Şəhidin atası Zahir və anası Havagözəl Lələyevlər artıq rəhmətə gediblər.
Lələyev Mahir Zahir oğlu 1974-cu il iyunun 5-də Zaqatala rayonunun Qandax kəndində anadan olmuşdur. 1981-ci ildə Qandax kənd orta məktəbinə daxil olmuşdur. 1989-cu ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Daha sonra Qax Peşə məktəbində traktorçu peşəsinə yiyələnmək üçün təhsilini davam etdirib. Ancaq təhsilini yarımçıq qoymaq məcburiyyətində olub. Belə ki, 1992-ci ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılmışdir. Onları əvvəlcə bakıya aparıblar, xüsusi təlimlər keçdikdən sonra cəbhəyə göndəriblər. 1992-ci il sentyabrın 12-də Ağdərə rayonunun Sırxavənd kəndində gedən ağır döyüşlərdə itkin düşmüşdür. Sonradan ona şəhid statusu verilmişdir.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Mahir Lələyevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.