Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Yuxarı Çardaxlar kənd sakini Muradov Ramazan Abdulla oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndinə yollandıq və şəhidin yaxınlarıyla söhbətləşdik:
Muradov Ramazan Abdulla oğlu 1966-cı il iyul ayının 31-də Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində anadan olmuşdur. 1973-83-cü illərdə Yuxarı Çardaxlar kənd orta məktəbini bitirib. 1984-1986-cı illərdə sovet ordusunda, Almaniyada hərbi xidmətdə olub. 1987-ci ildə Gəncə şəhərində peşə məktəbini bitirərək, qaynaqcı ixtisasını almışdır. 1992-ci ilin mart ayında könüllü olaraq, milli ordu sıralarında, Gəncə batalyonunun tərkibində açıq döyüşlərə getmişdir. 1992-ci il iyun ayının 27-də Goranboy uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Qəbiri kənd qəbristanlığındadır.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Ramazan Muradovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.