Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Qımır kənd sakini Muradov Polad Həsəncuma oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Qımır kəndinə yollandıq. Və şəhidimizin doğmalarıyla əlaqə yarada bildik. Şəhidimiz haqqında onun qardaşı Tural Muradovla həmsöhbət olduq: Muradov Polad Həsəncuma oğlu 28.07.1976-cı ildə Zaqatala rayonunun Qımır kəndində anadan olmuşdur. Qımır kənd orta məktəbini bitirdikdən sonra 1993-cü ilin sentyabrında indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Komandirlər məktəbinə daxil olmuşdur. 3-cü kursdan könüllü olaraq hərbi xidmətə gedib. 1997-ci ildə Gədəbəy rayonunun Başkənd ərazisində “N” saylı hərbi hissədə manqa komandiri kimi xidmət aparıb. Həmin il avqustun 26-da postda xidməti borcunu yerinə yetirərkən, şəhid olmuşdur.
Biz 3 qardaş olmuşuq. Polad bizim böyük qardaşımız idi. Polad sakit təbiətli, mehriban, ailəcanlı olub. Evlə danışanda anama deyirdi ki, oğlunla fəxr elə hərbiçi olmuşam. Vətənpərvər idi, idmana çox böyük həvəsi vardı. Ən çox da, basketbol oynamağı sevirdi, həm də, hündürboy idi. Həmişə hərbi paltara, hərbiyə marağı olub. Uşaqlığı da, anamın dediyinə görə çox sakit olub. Orta məktəbi çox yaxşı oxuyub, müəllimləri də, ondan razı olub. Orta təhsilini rus dilində alıb. Hələ hərbi məktəbə daxil olanda komandir olacaq deyə çox sevinirdi.
Mən evin kiçik övladı olmuşam. Mənim adımı da, şəhid qardaşım qoyub. Anam deyir Polad həmişə sevinirdi ki, 3 qardaş olmuşuq. Mən özüm də, hazırda hərbiçiyəm, Azərbaycan Respublikasına xidmət edirəm.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Polad Muradovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.