Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Dağlı kənd sakini Heydərov Mehman Cəlal oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Dağlı kəndinə yollandıq. Və şəhidin doğmalarıyla, o cümlədən qardaşı Elmanla görüşüb, xeyli söhbətləşdik: qardaşım Heydərov Mehman Cəlal oğlu 1973-cü il dekabrın 31-də Dağlı kəndində anadan olub. 11 uşaq olmuşuq, 7 oğlan 4 qız. Mehman ortancıl uşaq olub. Orta məktəbi bitirdikdən sonra Zaqatala Musiqi məktəbində oxuyub. Klarnet ifaçısı olub. Musiqiyə həvəsi çox böyük olub. Kənd Təsərrüfatına, xüsusən də, mal-heyvana çox diqqət edirdi. Dovşanı daha çox istəyirdi, odur ki, dovşan da, saxlayırdı.
Futbola da, həvəsi çox böyük olub. Uşaq vaxtı çox çevik idi, güləşi, dalaşmağı da, yaxşı bacarırdı. 1992-ci il 18 apreldə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Ağdam istiqamətində yaralanır, gətirirlər Bakıya Hərbi Hospitala orada da, şəhid olub. Anam Hospitalda yanında çox oldu. Qarın boşluğundan avtomatla vurublar. Qarın boşluğu tamamilə dağılmışdır. Odur ki, xilas edə bilmədilər. Döyüş vaxtı məzuniyyətə də, gəlmişdir. Biraz qalıb yenidən döyüşə gedib. Şəhidimizin valideynləri dünyasını dəyişiblər.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Mehman Heydərovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.