Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Çobankol kənd sakini Kərimov İlham Məmməd oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Çobankol kəndinə yollandıq. Və şəhidin doğmalarıyla, o cümlədən qardaşı Elbrusla görüşüb, xeyli söhbətləşdik:
Kərimov İlham Məmməd oğlu 1971-ci il iyulun 10-da Zaqatala rayonunun Çobankol kəndində kolxozçu ailəsində anadan olub. 1978-ci ildə Çobankol kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. İlham 1988-ci ildə orta məktəbi fərqlənmə ilə bitirib.Təhsilini davam etdirmək məqsədi ilə həmin ildə Zaqatala kənd Təsərrüfatı Texnikumuna sənədlərini verdi. Texnikumda bir il oxuduqdan sonra hərbi xidmətə çağırılır. Ermənilərin Qarabağ ətrafından qovulması üçün, Vətənimizin işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə fədakarlıq göstərib.
İlham Kərimov 1992-ci il oktyabrın 19-da Fərrux dağı uğrunda gedən döyüşlərdə, 21 yaşında qəhrəmancasına həlak olub. Oxuduğu məktəb şəhidin adını daşıyır.
Ailədə 5 oğlan olublar. Şəhid ikinci oğlan idi. Qardaşı Elbrus isə sonbeşik olub. İlham Kərimov 1989-91 -ci illərdə sovet ordu sıralarında, Moskvada hərbi xidmətdə olub.
Qardaşı Elbrus: Böyük qardaşımın oğluna şəhid İlhamın adı verilib. Mən evin kiçiyi olduğuma görə arada böyük qardaşım məni döymək istəyəndə, İlham məni ondan gizlədirdi. Çox rəhimli idi, qardaşım məni daha çox istəyirdi. Atası Məhəmməd Kərimov rəhmətə gedib. Anası Aynaxanım Kərimova oğul dərdi çəkərək, yaşayan analardandır.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi İlham Kərimovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.