Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Kəpənəkçi kənd sakini Kərimov Sərdar Məhəddin oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Kəpənəkçi kəndinə yollandıq. Şəhidimizin doğmalarıyla bacısı Gülnar xanımla və şəhidin adı verilmiş Balaca Sərdarla da, görüşüb, xeyli söhbətləşdik: Kərimov Sərdar Məhəddin oğlu 1971-ci il dekabrın 31-də Zaqatala rayonunun Kəpənəkçi kəndində anadan olub. 1979-1989-cu illərdə Kəpənəkçi kənd orta məktəbində təhsil alıb. 1990-ci ilin yanvarında, sovet ordusunda, Rostov şəhərində hərbi xidmətə başlayıb. 1992-ci ildə xidmətini başa vurub, geriyə, vətənə gəldi. Həyətdə, kolxozda kənd təsərrüfatı ilə məşğul olub. 1992-ci ilin avqust ayında cəbhəyə gedib. Ağdam, Ağdərə , Füzuli, Haramı düzündə də, olub. Arada evə məzuniyyətə gəlib. Bir dəfə danışırdı ki, yeməyimiz qurtarıb, neçə gün idi ac qalmışdıq. Bir kişi daşqayla gedirdi kəsib qarşısını dedik ki, ac qalmışıq kişi bir gün sonra bizə xeyli ərzaq gətirdi.
Ailədə 8 uşaq olublar, 6 oğlan 2 qız, Sərdar ortancıl uşaq idi. Ailədən ilk olaraq, döyüşməyə Sərdar getmişdi, o deyirdi ki, mən döyüşdən evə gəlməyəcəyəm. Əgər gəlsəm obiri qardaşlarımı döyüşə aparacaqlar. Odur ki , mən təcrübəli olduğuma görə sona kimi döyüşəcəm.
Bütün bunları anasına danışıb. Sərdarın yaxşı at çapmağı vardı.
Gülnar ən böyük bacısı: biz hamımız at sürməyi xoşlayırdıq, qızlı oğlanlı. Ancaq Sərdar proffessional idi, at çapmağı çox sevirdi. Ümumiyyətlə kənd təsərrüfatını, mal-qaranı sevərdi və heyvanlara yaxşı baxardı. Sürüdə qoyunlara bir dəfə baxan kimi onları tanıyardı. O heç vaxt yaralanmayıb. Nəşini gətirəndə gördük ki, təkcə ayağından yaralanmışdı, görünür onu qan aparıb və ölüb.
Döyüşlə bağlı heç vaxt danışmazdı.Hərbi sirdir deyirdi.Ancaq bəzi hadisələrdən danışırdı. Kərəm deyilən oğlan olub, çox güclüymüş uşaqlara atalıq edib, uşaqları qoruyurmuş. Qardaşım yaralı olan vaxtı Tərtərdə sonra da Şəkiyə xəstəxanaya gətiriblər. Oradada can verib. Onun son döyüşü Füzulidə olub. Çöl adamı olduğuna görə meşədə yaxşı hərəkət edə bilirmiş.
Qardaşım evli olub, qız qaçırmışdı, övladıda oldu heç bir ay keçmədi ki, uşaq da, öldü. Bu gün həmin qızla Mehrəngizlə əlaqəmiz var hətta get-gəlimiz də var.
Kəpənəkçi kəndinin ilk şəhidi olub. Kənd məktəbi də, şəhidin adını daşıyır. Sərdarın adını qardaşı Elşadın oğluna veriblər. Atası Məhəddin və anası Fatimat xanım da, artıq rəhmətə gediblər.
Zaqatala rayonu kəpənəkçi kənd Şəhid Sərdar Kərimov adına tam orta məktəbinin 9 - cu sinif şagirdi Sərdar Kərimov: Şəhid Sərdar Kərimov mənim əmim olduğu üçün çox şanslı bir insanam. Onun adını daşıyan bir məktəbdə oxumağım mənə ayrıca bir şərəf verir, əmim Sərdar Kərimov mənim ən böyük qürur mənbəyidir. Mən özümü biləndən həmişə valideyinlərim mənə deyiblər ki, sənin əmin Sərdar Kərimov vətənin ərazi bütövlüyü uğrunda geden döyüşlərdə şəhid olmuşdur, o çox ürəkli qorxmaz qüdrətli bir insan olub, mən xəyalən o qəhrəman əmimi gözümdə canlandırıram.
Özüm-özümə deyirəm ki, Şəhid əmim, sənin adini daşıdığıma görə boyuk fəxr hissi keçirirəm. Mənə, nə yaxşı ki, Şəhidin adını veriblər . Məndə sənin kimi vətənimə layiq övlad olacağam. Şəhid əmim sən məzarında rahat uyu yerin cənnət olsun. Sənin həyata keçirə bilməyib yarımçıq qalan arzularını çalışacağam ki, mən yerinə yetirim .
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Sərdar Kərimovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.