Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Yuxarı Çardaxlar kənd sakini İbrahimov Vahid Məmmədnəsib oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndinə yollandıq: İbrahimov Vahid Məmmədnəsib oğlu 1969-cu il noyabrın 26-da Yuxarı Çardaxlar kəndində anadan olmuşdur. 1987-ci ildə Yuxarı Çardaxlar kənd tam orta məktəbini bitirmişdir.
1988-1990-cı illərdə sovet ordusunda, Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərə qatılmışdır. Ağdərə və Laçın uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, yaralanmış, müalicə olunduqdan sonra yenidən cəbhəyə qatılmışdır. 1994-cü il yanvarın 15-də Füzulidə minaya düşüb və şəhid olmuşdur. Yuxarı Çardaxlar kəndində dəfn olunub.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Vahid İbrahimovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.