Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Muxax kənd sakini İbrahimov Azər Məhəmməd oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Muxax kəndinə yollandıq.
İbrahimov Azər Məhəmməd oğlu 9 fevral 1976-cı ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1983-cü ildə Muxax kənd 2 saylı orta məktəbinin I sinifinə daxil olub, 1993-cü ildə həmin məktəbin 10-cu sinifini bitirib. Məktəbi bitirdikdən sonra Zaqatala sürücülük məktəbinə daxil olmuş və sürücülük vəsiqəsini də, almışdır. 4 aprel 1994-cü ildə Azərbaycan Milli Ordusuna həqiqi hərbi xidmətə çağırılmışdır. Gəncə şəhərində “N” saylı hərbi hissədə xidmətə başlamış, andiçmədən sonra Tərtər rayonunun Camilli kəndinə göndərilmiş, bir müddət burada xidmət etmişdir. Minatəmizləyən kimi rotada və xidmət etdiyi hərbi hissədə bu peşənın mükəmməl bilicisi olmuşdur. 1995-ci ilin mayında onları Goranboy rayonunun Qarqucaq kəndinə köçürmüşlər. İki il burada xidmət etmişdir.
21 iyul 1997-ci ildə Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən düşmən minasına düşmüş və həlak olmuşdur.
Azərbaycan Milli Ordusunun giziri rütbəsi almış və bölmə komandiri olmuşdu.
22 iyul 1997-ci ildə Zaqatala rayonunun Muxax kənd qəbirstanlığında dəfn olunub.
Şəhidimiz haqqında atası Məhəmməd kişi ilə də, görüşüb, xeyli söhbətləşdik: 4 övladım vardı, 2 qız 2 oğlan. Azər böyük oğlum idi. Azər şəhid olmamışdan iki il əvvəl yəni, 1995-ci ildə anası Fatma xanım dünyasını dəyişib. Azər çox səliqəli idi, mal-heyvana özü baxardı, heyvanların üstündə bir ləkə belə olmazdı. Çox işgüzar idi. Komandiri gəlmişdi mənə dedi ki, sənin oğlun məni iki dəfə ölümdən qurtarıb. Mina bastıran zaman özü minaya düşüb. Oğlum 3 il 6 ay hərbi xidmətdə olub. 2 dəfə məzuniyyətə gəlib, birində anası rəhmətə gedib, onda gəlmişdi. Goranboydan bir qız sevirdi, ailə qurmaq qismət olmadı. Vətəninə çox bağlı idi. Məktəbi bitirən zaman tədbirdə çıxış edib deyib ki, Vətəni qorumaq hər birimizin borcudur, hər birimiz döyüşə getməliyik.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Azər İbrahimovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.