Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Danaçı kənd sakini Hacımuradov Qurban Yusif oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Danaçı kəndinə yollandıq. Və şəhidin yaxınlarıyla, o cümlədən qardaşı Arif və qardaşının ailəsilə görüşüb, xeyli söhbətləşdik: Hacımuradov Qurban Yusif oğlu 1971-ci il fevralın 16-da Zaqatala rayonunun Danaçı kəndində anadan olub. 1978-1988-ci illərdə Aşağı Çardaxlar kənd orta məktəbində oxuyub. Zaqatala peşə məktəbini də, bitirib. 1989-cu ildə sovet ordu sıralarında, Primorskidə Daxili Qoşunlarda hərbi xidmət edib. 1991-ci ildə xidmətini başa vurub, geriyə vətəninə gəlib, və kənddə kolxozda traktorçu işləyib.
1994--cü il yanvarın 18-də Laçın, Füzuli rayonunun Abdulrahmanlı kəndi uğrunda gedən döyüşlərdə başından vurularaq şəhid olub. Müharibədə tank sürüb.
Ailədə 6 uşaq olublar 5 qardaş 1 bacı, Qurban ortancıl uşaq olub. Şəhidin böyük qardaşı Murad da, həmin vaxtı Zaqatala batalyonunda olub. İki qardaş eyni vaxtda döyüşüblər, eyni vaxtda qardaşı Aydın da, əsgərlikdə olub. Dostluğa çox yaxşı olub, kənddə özümüz üçün idman etmişik. Çox sakit tərbiyəli bir oğlan olub.
Şəhidin adını böyük qardaşının oğluna veriblər. Şəhidin hər iki valideyini də, dünyasını dəyişiblər. İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Qurban Hacımuradovun da, qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.