Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Muxax kənd sakini Bubuşov Akif Damada oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Muxax kəndinə yollandıq.
Şəhidimizin doğmalarıyla, o cümlədən qardaşı Mahirlə görüşüb, xeyli söhbətləşdik: Bubuşov Akif Damada oğlu 1 iyun 1973-cü ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1980-cı ildə Muxax kənd 1 saylı orta məktəbinin birinci sinifinə daxil olmuş, 1990-cı ildə isə həmin məktəbin onuncu sinifini bitirmişdir. Məktəbi bitirdikdən sonra Zaqatala avtomobil məktəbinə daxil olmuş, oranı bitirərək, sürücülük vəsiqəsi almışdır.
1991-ci ildə həqiqi hərbi xidmət etmək üçün, sovet ordusunda hərbi xidmətə çağırılıb. Ukrayna Respublikasının Çerniqov vilayətində hərbi xidmətə başlamış, 8 mart 1992-ci ildə Sovet Ordusundan, hərbi xidmətini öz respublikasında keçirmək üçün buraxılmışdır. 1992-ci il iyulun 1-dən yeni yaradılan Azərbaycan Millin Ordusunda xidmət etməyə başlamışdır. Ağdam rayonunun Əhmədağalı kəndi yaxınlığında və Fərrüx dağı yaxınlığında gedən döyüşlərdə aldığı güllə yarasından həlak olmuşdur.
18 sentyabr 1992-ci ildə həlak olan Akif 19 sentyabr 1992-ci ildə Zaqatala rayonunun Muxax kənd qəbirstanlığında dəfn edilmişdir.
Oxuduğu Zaqatala rayonu Muxax kənd 1 saylı tam orta məktəbi şəhid Bubuşov Akif Damada oğlunun adını daşıyır.
Bubuşov Akif Damada oğlu Muxax kəndinin Qarabağ uğrunda verdiyi ilk şəhididir.
Şəhidimiz haqqında qardaşı Mahirin də fikirlərini qeyd etmək istəyirik: biz ailədə 4 uşaq 2 qiz, 2 oğlan olmuşuq. Qardaşım məndən 4 yaş böyük olub. Ukraynada 9 ay xidmət etdikdən sonra, martın 8-də gəldi evə, 2 ay qaldı, İyulun 1-də həqiqi hərbi xidmətə getdi. Avqust ayında gəldi atama gileyləndi ki, nizamlı ordu yoxdur məni yaxşı yerə göndərin. Ağdam rayonunun Əhmədağalı kəndi yaxınlığında Fərrux dağı ətrafında gedən döyüşlərdə 28 nəfər olublar, onların hamısı həmin döyüşlərdə şəhid olublar.
Futbola çox marağı olub. Ağır xasiyyətli, böyük-kiçik yeri bilən, ağsaqqal yaşlı kişilər kimi özünü aparırdı. Əgər uşaq vaxtı kimləsə dava edərdimsə, o əvvəlcə mənə dalaşdığıma görə qulaqburması verərdi.
Atam rəhmətə gedib.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Akif Bubuşovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.