Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Muxax kənd sakini Xəlilov Ramiz Mollaəli oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Muxax kəndinə yollandıq.
Şəhidimizin doğmalarıyla, o cümlədən qardaşı İsmayılla da, görüşüb, xeyli söhbətləşdik:
Xəlilov Ramiz Mollaəli oğlu 5 oktyabr 1971-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1979-cu ildə Muxax kənd 2 saylı orta məktəbinin I sinifinə daxil olmuş, 1989-cu ildə orta məktəbi bitirib, Sovet Ordusuna hərbi xidmətə çağırılıb, Rusiyanın Çelyabinsk şəhərində xidmət etmişdir. Hərbi xidmətini SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarında keçmişdir.
1991-ci ilin avqustunda könüllü olaraq, Azərbaycan Milli Ordusunda xidmət etməyə başlamış, Tərtər, Ağdərə, Ağdam uğrunda gedən döyüşlərdə 3 ilə yaxın bir müddətdə vuruşmuşdur. Hərbi işi mükəmməl bildiyinə, yüksək komandirlik məharəti olduğu üçün birbaşa leytenant rütbəsi verilmişdir.
Minatəmizləyən rotaya komandirlik edən Ramiz, yüksək döyüş məharəti göstərmiş, yüzlərlə düşmən minasını zərərsizləşdirmiş, düşmənin keçdiyi əsas yerlərə mina düzmüşdür.
19 aprel 1994-cü il tarixdə Güllücə kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdur.
3 iyun 1994-cü il tarixdə Muxax kənd qəbirstanlığında dəfn edilmişdir.
Adı əbədiləşdirilmişdir, Muxax kənd Mədəniyyət evi və kəndin küçələrindən biri şəhid Xəlilov Ramiz Mollaəli oğlunun adını daşıyır.
Şəhidimiz haqqında qardaşı İsmayılın dediyi fikirlərini də, olduğu kimi qeyd edirik: biz ailədə 9 uşaq, 4 qız 5 oğlan olmuşuq. Ramiz ortancıl uşaq olub. Cəsarətli xidmətinə görə leytenant rütbəsi veriblər. Bizdə olan məlumata görə əsir düşməsinlər deyə özlərini qranatla partladıblar.
Mən özüm də, Qarabağ müharibəsində iştirak etmişəm. Ayağım minaya düşüb, qaziyəm, bu gün də, pratezlə gəzirəm.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Ramiz Xəlilovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.