Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Muxax kənd sakini Ömərov Nizami Məcid oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Muxax kəndinə yollandıq.
Şəhidimizin doğmalarıyla, o cümlədən qardaşı Nəcməddinlə görüşüb, xeyli söhbətləşdik:
Ömərov Nizami Məcid oğlu 9 oktyabr 1974-cü ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1982-ci ildə Muxax kənd 2 saylı orta məktəbinin I sinifinə daxil olmuş, 1990-cı ildə həmin məktəbin 8-ci sinifini bitirib, daha sonra kənddə təsərrüfatla məşğul olmuşdur.
15 oktyabr 1992-ci ildə Azərbaycan Milli Ordusuna həqiqi hərbi xidmətə çağırılmışdır. Əli-Bayramlı şəhərində hərbi hazırlıq keçmiş, andiçmədən sonra hərbi əməliyyatlarda iştirak etmək üçün Ağdam rayonuna göndərilmişdir. Xeyli döyüşlərdə iştirak edib, cəsurluğu, igidliyi və qorxmazlığı ilə fərqlənmişdir.
21 yanvar 1993-cü ildə Fərrux dağı ətrafında gedən ağır döyüşlərdə xəbərsiz itgin düşmüşdür.
2006-cı ildə Zaqatala rayon məhkəməsi tərəfindən Ömərov Nazim Məcid oğlunun Qarabağ döyüşlərində şəhid olması faktı təstiqlənmişdir. Onun şəkili və adı Muxax kəndinin mərkəzində ucaldılmış xatirə lövhəsinə vurulmuş və o, Muxax kəndinin Qarabağ döyüşlərində qurban gedən şəhid oğullarından biridir.
Şəhidimiz haqqında qardaşı Nəcməddinin fikirlərini də, olduğu kimi qeyd edirik: biz ailədə 5 uşaq, 1 qız 4 oğlan olmuşuq. Atam Məcid kişi rəhmətə gedib. Mən də, 1992-1993-cü illərdə Qarabağ müharibəsində olmuşam. Biz illərlə qardaşımı axtardiq amma tapa bilmədik.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Nizami Ömərovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.