Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Muxax kənd sakini Tahirov Soltan Mahmud oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Muxax kəndinə yollandıq.
Şəhidimizin doğmalarıyla, o cümlədən qardaşı Rizvanla görüşüb, xeyli söhbətləşdik:
Tahirov Soltan Mahmud oğlu 6 mart 1974-cü ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1981-ci ildə Muxax kənd 1 saylı orta məktəbin I sinifinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1991-ci ildə Zaqatala avtomobil məktəbinə daxil olmuş və sürücülük vəsiqəsi də, əldə etmişdir. 1992-ci ilin 5 martında Azərbaycan Milli Ordusuna həqiqi hərbi xidmətə çağırılmışdır. Goranboy rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamış, hərbi and içənədək burada olmuş, sonra isə Laçın rayonunun müdafiəsinə göndərilmişdir.
Bir neçə günlük evinə gəlib, yenidən xidmət etdiyi hərbi hissəyə qayıdıb.
Bir müddət burada qaldıqdan sonra, Füzuli uğrunda gedən döyüşlərə göndərilmişdir.
26 yanvar 1994-cü ildə Füzuli rayonunun Şiştəpə dağı ətrafında aldığı güllə yarasından həlak olmuşdur. Zaqatala rayonu Muxax kənd qəbirstanlığında torpağa tapşırılmışdır.
Adı əbədiləşdirilmişdir, Muxax kənd uşaq bağçasına və kəndin küçələrindən birinə onun adı verilmişdir.
Şəhidimiz haqqında qardaşı Rizvanın dediyi bəzi fikirləri də, olduğu kimi təqdim edirik: biz ailədə bir qiz, iki oğlan olmaqla 3 uşaq olmuşuq. Soltan çox güclü idman edərdi, ona görə onu xüsusi təyinatlara göndəriblər. Onun döyüş yoldaşı gəlmişdi, o, yaralı olduğuna görə müharibədən təxris olunmuşdu. O, dedi ki, gəlmişəm görüm Soltana Milli qəhrəman adı veriblərmi?
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Soltan Tahirovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.