Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Muxax kənd sakini Bubuşov Fikrət Murtuz oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Muxax kəndinə yollandıq.
Şəhidimizin doğmalarıyla, o cümlədən qardaşı Famillə görüşüb, xeyli söhbətləşdik:
Bubuşov Fikrət Murtuz oğlu 27 oktyabr 1970-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1978-ci ildə Muxax kənd orta məktəbinə daxil olmuş, 1986-cı ildə Muxax kənd səkkizillik məktəbini bitirmişdir. Daha sonra Muxax kənd 1 saylı orta məktəbində təhsilini davam etdirmiş, 1988-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1988-ci ildə Sovet Ordusuna hərbi xidmətə çağırılmış, hərbi xidmətini Çita şəhərində keçirmişdir. 1990-cı ildə geriyə vətəninə qayıtmışdır.
1994-cü ildə Azərbaycan Milli Ordusuna çağırılmış, bir müddət döyüş hazırlığı keçmişdir. Ağdam, Füzuli, Ağdərə cəbhələrində vuruşmuşdur. 1994-cü il aprelin 26-da Ağdərə uğrunda gedən döyüşlərdə aldığı güllə yarasından həlak olmuşdur.
27 aprel 1994-cü ildə Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılmışdır.
Adı əbədiləşdirilmişdir, Zəyəm kənd mədəniyyət evi şəhid Bubuşov Fikrətin adını daşıyır.
Şəhidimiz Bubuşov Fikrət haqqında qardaşı Familin də fikirlərini qeyd etmək istəyirik:
Biz ailədə 3 bacı, 3 qardaş olmaqla 6 uşaq olmuşuq. Fikrət sonbeşik olub. O vaxtlar nizamlı ordu olmadığı üçün qardaşım bir neçə dəfə müharibəyə gedib gəlmişdi. Sonuncu dəfə 21 apreldə döyüşə getdi və aprelin 26-da şəhid oldu.
Valideynlərimiz artıq rəhmətə gediblər.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Fikrət Bubuşovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.