Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Muxax kənd sakini Məmmədov Xəqani Əli oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Muxax kəndinə yollandıq.
Məmmədov Xəqani Əli oğlu 11 iyul 1978-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1984-cü ildə Muxax kənd orta məktəbinin birinci sinifinə daxil olmuş, 1995-ci ildə həmin məktəbin on birinci sinifini bitirmişdir. 1996-cı ildə sənədlərini Bakı Ali Birləşmiş Komandirlər məktəbinə vermiş və yüksək balla həmin məktəbə daxil olmuşdur. Ali hərbi məktəbi 2000-ci ildə avtomobil texnikasının istismarı və təmiri üzrə mühəndis ixtisası ilə bitirmiş, leytenant rütbəsində döyüş bölgəsinə təyinat almışdır. Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlamışdır. 2002-ci ilin may ayının 21-də Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında düşmən minasına düşərək, həlak olmuşdur.
25 may 2002-ci ildə Zaqatala rayonunun Muxax kən qəbristanlığında torpağa tapşırılmışdır.
Şəhidimiz haqqında atası Əli kişi ilə də, görüşüb, xeyli söhbətləşdik: 3 oğlan 1 qız olmaqla ailədə 4 uşaq olublar. Övladlarımın hamısı Ali təhsilli idi. Oğlum şəhid olduqdan sonra Goranboyda inəkboğan postuna getdim. Xəqaninin şəhid olduğu yerə baxdım. Hərbi sirr olduğu üçün çox şeyləri mənə vermədilər. O, ali məktəbə qəbul olan vaxtı 65 dəfə turnikdən dartınırdı. Uşaqlıqdan idmançı olub, güləşə gedirdi. Heç bir tay-tuşu onun kürəyini yerə vura bilməzdi. Mən onun idman müəllimi olmasını istəyirdim ancaq o buna razı olmadı. Bir il geri düşdü. İkinci ili öz arzusu ilə sevə-sevə hərbiyə getdi. Xasiyyətcə çox mərd idi. Oğlum hər gün 5 dəfə namaz qılmaq üçün postdan cığırla aşağı düşərdi. Ermənilər güdüb həmin cığıra mina basdırıblar və həmin minaya düşüb. Oğlumun başına pul da, qoymuşdular.
Şəhid Xəqani Məmmədovun xidmətlərindən bəzi rəsmi sənədləri olduğu kimi qeyd edirik:
2 MAT-ın“İNƏKBOĞAN” postundan saat 11:30-da leytenant Məmmədov Xəqani Əli oğlu tərəfindən snayper silahı ilə düşmənin 2 əsgəri vurulmuşdur. Meyidləri yolda qalıb. Bölmələrimizin atəşi ilə cəsədlərin götürülməsinə imkan verilmir.
Saat 17:05-də leytenant Məmmədov Xəqani Əli oğlu 2 MAT-ın “İNƏKBOĞAN” postundan düşmənin bir əsgərini SVD silahından vurmuşdur. Vurulmuş əsgərə yardım göstərərkən leytenant Məmmədov X.Ə PK silahından 17:45-də düşmənin daha bir əsgərini vurmuşdur.
Saat 14:30-da “İNƏKBOĞAN” postundan tağım komandiri leytenant Məmmədov Xəqani Əli oğlu tərəfindən PK silahı ilə düşmənin 3 hərbi qulluqçusu vurulmuşdur. Onlardan biri yaralı vəziyyətdə sürünərək gözdən itmiş, o biri iki nəfər hərəkətsiz vəziyyətdə uzanaraq qalmışdır.
Saat 12:35-da “İNƏKBOĞAN” postundan düşmənin bir hərbi qulluqçusunu 2 MAT 5 BAM tağım komandiri leytenant Məmmədov Xəqani Əli oğlu tərəfindən SVD silahı ilə vurulmuşdur.
Saat 06:30-da “İNƏKBOĞAN” postunun qarşısında yerləşən düşmən postunda 1 əsgər müşahidə olunmuşdur. Düşməni məhv etmək məqsədi ilə SVD silahından 2 MAT 5 MAB tağım komandiri leytenant Məmmədov Xəqani Əli oğlu atəş açmışdır, düşmən vurulmuşdur.
Saat 12:25-də “İNƏKBOĞAN” postunun qarşısında düşmənin 1 əsgəri Məmmədov Xəqani Əli oğlu tərəfindən SVD silahı ilə məhv edilmişdir.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Xəqani Məmmədovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.