Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Muxax kənd sakini Osmanov Elman Məcid oğludur.
Elman haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Muxax kəndinə yollandıq.
xeyli söhbətləşdik. Osmanov Elman Məcid oğlu 1971-ci il 23 avqustda Zaqatala rayonunun Zəyəm kəndində anadan olmuşdur. 1978-ci ildə Zəyəm kənd səkkizillik məktəbinə daxil olmuş, 1986-cı il həmin məktəbin 8-ci sinifini bitirmişdir. Təhsilini Muxax kənd 1 saylı orta məktəbində davam etdirmiş, 1988-ci ildə həmin məktəbi bitirmiş, orta təhsil haqqında attestat almışdır.
1989-cu ildə Sovet Ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Uralın Nijni Taqil şəhərində SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarında xidmət etmişdir. 1991-ci ildə Sovet Ordusundan tərxis olunmuşdur. Bir müddət sonra Zaqatala tütün fermentasiya zavodunda işə girir. Bu zaman Azərbaycanda Qarabağ müharibəsi gedirdi. Sovet Ordusundan ehtiyata buraxılan hərbiçilərə ölkədə böyük ehtiyac duyulurdu. Səfərbərlik elan olunmuş belə əsgər və zabitlər Azərbaycan Milli Ordusuna çağırılırdılar. Elman ona gələcək çağırışı gözləmir və könüllü olaraq 2 sentyabr 1992-ci il tarixdə cəbhəyə, erməni işğalçıları ilə müharibəyə gedir. İki aya yaxın düşmənlə Laçın uğrunda döyüşlərin birində yaxınlıqda partlayan düşmən mərmisindən qopan qəlpə onu torpağımız uğrunda, Vətənimiz uğrunda şəhid edir.
Məzarı Zaqatala rayonunun Muxax kənd qəbristanlığındadır.
Zəyəm kənd orta məktəbi bu gün şəhid Osmanov Elman Məcid oğlunun adını daşıyır.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Osanov Elmanın da
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.