Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Muxax kəndində yaşamış Musayev Məhərrəm Bayram oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Muxax kəndinə yollandıq və şəhidin yaxınlarıyla görüşüb, onun haqqında xeyli söhbətləşdik:
Musayev Məhərrəm Bayram oğlu 1961-ci il sentyabr ayının 1-də Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. 1968-ci ildə Tovuz rayonunun Əlibəyli kənd orta məktəbinin I sinifinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişdir.
1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1984-cü ildə institutu meyvəçilik, tərəvəzçilik və üzümçülük üzrə aqronom ixtisası ilə bitirmişdir.
1984-cü ildə təyinatla Zaqatalaya gəlmiş, Muxax kolxozunun tərkibində olan palmet bağları birliyində aqronom ixtisası üzrə işləməyə başlamışdır. O, az bir müddətdə yaşadığı Muxax kəndinin yerli sakinləri arasında böyük hörmət və nüfuz qazanmışdır.
Məhərrəm 1986-cı ildə həmkəndlisi Əskinazla ailə həyatı qurmuş və ailəsi ilə birlikdə Muxax kəndində yaşamış və təsərrüfatda işini davam etdirmişdir.
1992-ci ildə hərbiçi peşəsini seçir Bakı Ali Ümumqoşun Komandirləri məktəbinə daxil olur. Buranı Baş Leytenant rütbəsi ilə bitirir, 1993-cü ilin 18 martında cəbhəyə yollanır. Füzuli və Cəbrayıl rayonları uğrunda gedən ağır döyüşlərdə iştirak edir. 22 oktyabr 1993-cü ildə Cəbrayıl rayonunu Mərcanlı kəndi yaxınlığında itkin düşmüşdür.
Zaqatala rayon Xalq Məhkəməsinin 21 fevral 1996-cı il tarixli Qətnaməsi ilə Musayev Məhərrəm 22 oktyabr 1993-cü il tarixdə Cəbrayıl rayonunun Mərcanlı kəndi yaxınlığında itkin düşməsi və həlak olması faktı müəyyən edilmişdir.
Ailəsi-həyat yoldaşı və iki qızı hal-hazırda Bakı şəhərində yaşayır.
Şəhidimiz haqqında onun həyat yoldaşı Əskinaz xanımın dediklərinidə, olduğu kimi qeyd edirik: Musayev Məhərrəm Bayram oğlu 1961-ci il sentyabr ayının 1-də Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. 1968-ci ildə Tovuz rayonunun Əlibəyli kənd orta məktəbinin I sinifinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişdir. Ali təhsil aldıqdan sonra 1984-cü ildə təyinatla Zaqatalaya gəlmiş, Muxax kolxozunun tərkibində olan palmet bağları birliyində aqronom ixtisası üzrə işləməyə başlamışdır. Ailəsini, Vətənini, ana-bacısını sevən bir insan olub. Ona görə də, mən bu günə kimi uşaqlarıma demişəm ki, elə bilin ki, atanız yanınızdadır. Həmişə bir stolumuz boş olub, demişəm ki, bura atanızın yeridir.
O, insan elə hörmət qoyub ki, mən də, övladlarım da, bu günə kimi o hörməti qoruyub saxlayırıq, onu yaşadırıq. Biz bir Müddət Zaqatala rayonunun Muxax kəndində yaşamışıq. Muxax kəndində hansı qapıya getsəz hər kəs onu tanıyacaq, çünki elə hörmət qazanmışdı, elə sevdirmişdi özünü. Əlibəyli kəndi ermənilərlə sərhəd olduğu üçün elə o kənddə də, qızğın müharibə gedirdi. 1993-cü ilə kimi biz də, Məhərrəmlə birgə Əlibəyli kəndinə getmişdik. Onun ana-bacısı, qohumları orda erməni topunun silahının altinda olduqları üçün biz də, ora getdik, orada səngərlərdə bir yerdə qalmışıq. Övladlarımızla birlikdə qalırdıq. Öz evimizə gedə bilmirdik, evimizə gedəndə elə bil oğurluğa gedirdik, yəni elə çətin günlərimiz olub. Bizim qohum tanışlar hamısı müharibəyə gedirdi. 2-3 aydan bir müharibəyə gedib, qayıdırdılar, Məhərrəm də, gördü ki, çox çətin vəziyyətdir, fikirləşdi ki, ən yaxşısı gedib Bakıda 3 ay kurs keçib, geri peşəkar zabit kimi gəlib, daha yaxşı vuruşar. Elə o fikirlə də, hərbiyə yazıldı. Əvvəl Zaqatala hərbi komissarlığına könüllü kimi yazılmaq istədi, ancaq icazə vermədilər.
1992-ci ildən hərbiçi peşəsini seçdi. Bakı Ali Ümumqoşun Komandirləri məktəbinə daxil oldu. Oranı Baş Leytenant rütbəsi ilə bitirdi və 1993-cü il martın 18-də cəbhəyə yollandı. Füzuli və Cəbrayıl rayonları uğrunda gedən ağır döyüşlərdə iştirak edib. 22 oktyabr 1993-cü ildə Cəbrayıl rayonu Mərcanlı kəndi yaxınlığında itkin düşmüşdür.
Məhərrəm çox gözəl ailə başçısı və övladları üçün gözə ata olub və bu gün də, övladlarım atalarının sayəsində öz ayaqları üstündə dururlar.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Məhərrəm Musayevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.