Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Muxax kənd sakini Ağalarov İlqar Əli oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Muxax kəndinə yollandıq. Şəhidimiz haqqında kənd camaatı və onun qardaşı Ədalətlə görüşüb, həmsöhbət olduq: Ağalarov İlqar Əli oğlu 1972-ci il iyul ayının 8-də Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1978-ci ildə Muxax kənd 2 saylı orta məktəbin hazırlıq sinifinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1987-ci ildə Zaqatala 172 saylı Texniki Peşə məktəbinə daxil olmuşdur. 1990-cı ildə tikinti ustası peşəsi üzrə məktəbi bitirmişdir. 1990-1991-ci illərdə ailəsinə təsərrüfat işlərində kömək etmiş, özünü ordu sıralarında xidmətə hazırlamışdır. 1991-ci ildə Sovet Ordusunda hərbi xidmətə çağırılmış, əvvəcə Almaniyada olan Sovet qoşunlarının tərkibində, sonra isə Kamçatkada xidmət etmişdir. 1992-ci il avqust ayında SSRİ dağılması ilə əlaqədar, Sovet Ordusundan yarımçıq tərxis olunub, öz respublikasına göndərilib.
Evə qayıdıb özünü Zaqatala hərbi komissarlığına təqdim edib, qeydiyyata düşüb elə ilk çağırışla da, Qarabağda gedib. Azərbaycan Milli Ordusunun tərkibinə qatılaraq, bir sıra ağır döyüşlərdə iştirak etmişdir. Ağdərənin müdafiəsində cəsurluq və igidlik nümunəsi göstərmişdir. Belə döyüşlərin birində ağır güllə yarası alan İlqar 14 yanvar 1993-cü ildə həlak olmuşdur. 16 yanvar 1993-cü ildə Zaqatala rayonunun Muxax kənd qəbirstanlığında torpağa tapşırılmışdır.
İlqar Ağalarov haqqında kiçik qardaşı Ədalətin dediklərini də, olduğu kimi qeyd edirik: biz ailədə 3 qız 5 oğlan olmaqla 8 uşaq olmuşuq. İlqar uşaqlıqdan çox cəsur, sözgötürməyən, dalaşqan olub. Sovet Ordu sıralarında hərbi xidmətdə olan zaman topçu olub. Tərifnamələri olub. Azərbaycan Milli Ordu sıralarında isə sıravi atıcı olub. Milli Ordu sıralarında 10 gün xidmət etdikdən sonra şəhid olmuşdur. Ağdərə rayonu ətrafında baş verən ağır döyüşlərdə artilleriya zərbəsindən qəlpə yarası alması nəticəsində şəhid olmuşdur. Qardaşım insanlarla münasibət qurmağı çox yaxşı bacarırdı. Kənd təsərrüfatı işlərində çox yaxşı işləyərdi. Fiziki gücü çox idi, ümumiyyətlə gözündə qorxu olmayan biri idi. Heç vaxt kobudluq etməzdi, çalışırdı ki, hər kəslə yaxşı münasibət qursun.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi İlqar Ağalarovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.