Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Muxax kənd sakini Əminov Əfqan Musa oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Muxax kəndinə yollandıq.
Şəhidin doğmalarıyla, o cümlədən qardaşı Çingizlə görüşüb, xeyli söhbətləşdik: Əminov Əfqan Musa oğlu 15 yanvar 1976-cı ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1983-cü ildə Muxax kənd 2 saylı orta məktəbin I sinifinə daxil olmuş, 1993-cü ildə həmin məktəbin10-cu sinifini əla və yaxşı qiymətlərlə bitirmişdir. 1994-cü il may ayının 17-də Azəbaycan Milli Ordusuna hərbi xidmətə çağırılmışdır. Sumqayıt şəhəri yaxınlığında H.Z.Tağıyev qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlamışdır. And içməyə qədər burada qalmış, hərbin sirlərini, onun çətinliklərini burada öyrənmiş və andiçmədən sonra isə döyüş bölgəsi olan Tərtər rayonunun İsmayılbəyli kəndinə gətirilmişdir. Burada “N” saylı hərbi hissədə xidmət etmişdir. Ona Sumqayıtda yerləşən hərbi hissədə qalıb xidmətini davam etdirmək təklifi də olunub, o, isə yoldaşlarından ayrılmır, cəbhə bölgəsini seçir və Tərtərə gəlir. Burada nümunəvi xidmət edən Əfqan həm də, hərbiçi-idmançı kimi də, fəaliyyət göstərir, idman mükafatları da, alır.
Hərbi xidmətini Ağdam və Tərtər rayonunun ərazilərindən keçən səngərlərdə keçirmiş, postlarda keşik çəkmişdir. Çavuş rütbəsi alaraq, bölmə komandiri də, olub.
1996-cı ilin 10 avqustunda Ağdam rayonunun Zəngişalı kəndi yaxınlığında düşmən atəşi ilə başından güllə yarası alıb və səngərdəcə həlak olub.
13 avqust 1996-cı ildə Zaqatala rayonunun Muxax kənd qəbirstanlığında dəfn olunub.
Şəhidimiz Əfqan haqqında qardaşı Çingizin dediklərini də, olduğu kimi qeyd edirik: biz ailədə 9 uşaq, 4 bacı, 5 qardaş olmuşuq. Əfqan sonbeşiyimiz olub. Evimizin ən boylu-buxunlu oğlu idi. İdmançı olub. Valeybolu daha yaxşı oynayırdı. Cəsarəti və fiziki gücünə görə, ona çavuş rütbəsi verilib və bölmə komandiri təyin ediblər. Mən özüm də, 2 il Qarabağda, müharibədə olmuşam.
Qardaşımı snayperlə, başından vurublar. Onun bir idmançı kimi çox böyük nüfuzu olub. Komandirləri onu çox istəyirdi. Təbiətcə çox sakitadam olub. Ancaq fiziki gücü ona həmişə nüfuz gətirib. Komandirləri deyirdi ki, Əfqan yaxşı azan verirdi. Dindar kimi də, hörməti vardı. Qardaşım hələ uşaqlıqdan dinli-imanlı olub, namaz qılardı.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Əfqan Əminovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.