Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Muxax kənd sakini İbiyev İbrahim Abdurahman oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Muxax kəndinə yollandıq.
Şəhidimizin yaxınları, o cümlədən bacısı Ayşə xanımla görüşüb, xeyli söhbətləşdik:
İbiyev İbrahim Abdurahman oğlu 29 sentyabr 1974-cü ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1981-ci ildə Muxax kənd 2 saylı orta məktbin I sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 8-ci sinifini bitirmiş və natamam orta təhsil haqqında şəhadətnamə almışdır. Həmin il Zaqatala 172 saylı texniki peşə məktəbinə daxil olmuşdur. Peşə məktəbində orta təhsil almaqla bərabər “ traktor, avtomobil və kənd təsərrüfatı maşınlarının təmiri üzrə çilingər” peşəsini də qazanmışdır.
4 oktyabr 1992-ci ildə Azərbaycan Milli Ordusuna həqiqi hərbi xidmətə çağırılmışdır. Sumqayıt şəhəri yaxınlığında olan “Nasosnu” hərbi təlim mərkəzində xidmətə başlamışdır. 4 oktyabr 1992-ci il tarixdən 3 aprel 1993-cü il tarixinədək Ağdərə və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmiş, xidmət etdiyi hərbi hissənin seçilən, fərqlənən döyüşçülərindən biri olmuşdur.
27 iyul 1993-cü il tarixdə Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə baş nahiyyəsindən aldığı güllə yarasından həlak olmuşdur. Məzarı Zaqatala rayon Muxax kənd qəbirstanlığındadır.
Zaqatala rayonunun Muxax kənd xəstəxanası şəhid İbiyev İbrahim Abdurahman oğulunun adını daşıyır.
Şəhidimiz haqqında bacısı Ayşə xanımla etdiyimiz söhbətdən bəzi məqamları olduğu kimi yazırıq: biz ailədə 6 qız 4 oğlan olmaqla 10 uşaq olmuşuq. Ailəmizin ən kiçik övladı İbrahim olub. Məndən 10 yaş balaca olub. Demək olar ki, mən böyütmüşəm.
İbrahim dostuna deyib ki, mən 6-cı gün şəhid olacam. Elə dediyi gün də, şəhid olub və vəsiyyət edəndə deyib ki, mənim yanımda anama yer saxlayın birgə basdırsınlar. O, hələ azyaşlı olanda belə düşünürdü ki, ailəmiz sabah nə yeyəcək? Çox ailəcanlı idi. Məzuniyyətə gələndə bütün qohumlarla halallaşdı ki, şəhid olacam.
Arzuları vardı, deyirdi ki, müharibədən gələndən sonra gəlib xeyriyyə işləri ilə məşğul olacağam. Sonuncu döyüş zamanı, gecə saat 3-də şəhid olub.
Minamyot atırmış və həmişə əlində onu göstərib deyirmiş ki, bu ceyran məndə olarkən emənilər mənə heçnə edə bilməzlər. Erməniləri azan verərək, gizləndikləri yerdən çıxardıb silahla vururmuş. Uşaqlıqdan çoxlu oğlan və qız dostları vardı. Hamı onu çox istəyirdi. Hətta öz qəbir daşının üzərinə hansı şəkilini vuracağını belə, özü seçmişdi. Çox imanlı, namaz qılan, quran oxuyan idi. Allahdan nə arzu edirdisə Allah ona verirdi. Uşaq vaxtı xəstə idi amma böyüyəndə igid oğlan oldu.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi İbrahim İbiyevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.