Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Muxax kənd sakini Feyziyev Elman Osman oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Muxax kəndinə yollandıq.
Şəhidimiz haqqında öyrənmək üçün onun yaxınlarıyla, xüsusən də, qardaşı İbrahimlə görüşüb, xeyli söhbətləşdik: Feyziyev Elman Osman oğlu 4 aprel 1973-cü ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1980-cı ildə Muxax kənd 3 saylı səkkizillik məktəbin I sinifinə daxil olmuşdur. Sonra təhsilini Muxax kənd 1 saylı orta məktəbində davam etdirmişdir.
1991-ci ilin may ayında Sovet Ordusuna hərbi xidmətə çağırılmışdır. İl yarım Qazaxıstanın Oş şəhərində hərbi xidmət keçmişdir. İttifaqın dağılması ilə əlaqədar 1992-ci ilin dekabrında hərbi xidməti yarımçıq qoyulmuş və xidmətini davam etdirmək üçün öz respublikasına göndərilmişdir.
1993-cü ilin may ayından Qarabağ cəbhəsində, Azərbaycan Milli Ordusunun tərkibində hərbi xidmətini davam etdirdi. “N” sayı hərbi hissədə tank sürücüsü kimi xidmətə başladı, 1993-cü ilin dekabr ayınadək tankla Füzuli, Beyləqan, Tərtər istiqamətindəki döyüşlərdə iştirak edib.
25 aprel 1994-cü ildə döyüş tapşırığı yerinə yetirərkən, qəhrəmancasına həlak olub.
27 aprel 1994-cü ildə Zaqatala rayonunun Muxax kənd qəbirstanlığında dəfn olunub.
Adı əbədiləşdirilmişdir, oxuduğu Muxax kənd 3 saylı orta məktəb şəhid Feyziyev Elmanin adını daşıyır.
Şəhidimiz haqqında qardaşı İbrahimin dediklərini də, olduğu kimi yazırıq: biz 6 bacı, 2 qardaş olmaqla ailədə 8 uşaq olmuşuq. Elman evimizin sonbeşiyi olub. Elman uşaqlıqda çox dəcəl olub. Onun çox yaxşı dostları vardı. O, müharibədə hərbi maşın sürüb. Döyüş yoldaşları deyir ki, Tankı yüngül avtomobil kimi sürürdü. Ağdərə, Tərtər istiqamətində deyiblər ki, mühasirədə qalanlar var. O, da deyib ki, mən gedib maşınla gətirəcəyəm. Dostlarını xilas edərkən artilleriya zərbəsi ilə vurulub.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Elman Feyziyevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.