Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala şəhər sakini Sadiqov Ümid Pənah oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala şəhərinə yollandıq.
Sadiqov Ümid Pənah oğlu 14 fevral 1974-cü ildə Zaqatala şəhərində anadan olmuşdur. 1991-ci ildə Ş.Qurbanov adına şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1991-1992-ci illərdə rayondakı Avtomobil məktəbində oxumuşdur. 08.07.1992-ci ildə müddətli həqiqi hərbi xidmətə çağrılıb. O, Bakının Xızı rayonunda Stalçay hərbi hissəsində xidmət edərkən 1992-ci il sentyabr ayında hərbi hissədən könüllü olaraq cəbhəyə gedir. Onun ən böyük arzusu qələbə gününü görmək idi, lakin 1994-cü il fevral ayının 7-də Füzuli rayonunun Aşağı Abdurahmanlı kəndində həlak olmuşdur. Zaqatala şəhərində dəfn olunub.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Ümid Sadıqovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.