MƏDƏNİYYƏT EVLƏRİ KİTABXANALARIN İŞİYLƏ MARAQLANMAQ İSTƏYƏN-ZAQATALAYA GƏLSİN.
Bu gün Zaqatala rayon mədəniyyət mərkəzi, Yuxarı Tala Sənətkarlıq evinin, Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin 3 saylı Yuxarı Tala kənd kitabxana filialının təşkil etdiyi növbəti tədbirə qatıldıq. “Qələbənin Ölümsüz Qəhrəmanları” adlı tədbirə məni də, dəvət etdikləri üçün hər iki rəhbərə minnətdaram.
Tədbiri Yuxarı Tala sənətkarlıq evinin müdiri Pirdovs Zamanova, onun bədii rəhbəri Əyyubova Kamilə, Mirvari Vanatiyeva və Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin 3 saylı Yuxarı Tala kənd kitabxana filialının kitabxanaçısı Əfsanə Darçınova təşkil etmişdilər. Binaya daxil olarkən onların bu tədbirə yaxşı hazırlaşdıqları diqqətimizdən yayınmadı. Tədbiri giriş sözüylə Yuxarı Tala sənətkarlıq evinin müdiri Pirdovs Zamanova açaraq, ilk öncə şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməyimizi xahiş etdi.
Daha sonra tədbirdə iştirak edən qonaqları təqdim etdi:-Zaqatala rayon mədəniyyət mərkəzinin direktoru Aybəniz Heydərova, Zaqatala MKS-nin multimedia mütəxəssisi Məlahət Həmzəyeva, MKS-nin informasiya texnologiyaları üzrə mütəxəssisi Günəş Qafarova, Qazi Zülfüqar Ömərov, Vətən Müharibəsi iştirakçıları Yılmaz Nəsibli, Elvin Məmmədov və həmin vaxtı könüllü yazılmasına baxmayaraq, arxa cəbhədə döyüş gününü gözləyən Cəlil Əyyubov və Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərli.
Pirdovs xanım Zəfər günüylə bağlı çıxış edərək bildirdi ki, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın, qüdrətli ordumuzun bu müharibədə qələbə qazanması şanlı tariximizə qızıl hərflərlə yazılıb:-Bizim tariximizdə ən əlamətdar günlərdən biri də, məhz Zəfər günüdür.
Buna görə biz şəhidlərimizin qarşısında baş əyir, siz qazilərimizə can sağlığı arzulayırıq. Məhz sizlərin vətən yolundakı xidmətləriniz, şəhidlərimizin qanı-canı bahasına biz bu qələbəyə nail olduq.
Qazimiz Elvin Məmmədov Zəfər günümüzün qeyd olunması, belə tədbirlərin tez-tez keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğuladı. Qazimiz müharibədən, xüsusən özünün iştirak etdiyi Cəbrayılın azad olunması uğrundakı döyüşlərindən, danışaraq, həm tədbir iştirakçılarını, həm də, özünü xəyalən həmin döyüşlərə apardı.
Daha sonra söz Günəş Qafarova və Məlahət Həmzəyevaya verildi. MKS-nin işçiləri də, Zəfər günündən, Azərbaycan ordusunun qazandığı möhtəşəm qələbədən geniş danışdılar. Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu uğurlu siyasətdən, onun layiqli siyasi varisi olan Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən geniş danışaraq, “Dəmir yumruq” kimi Azərbaycan xalqının birləşərək erməni faşistləri üzərində, döyüş meydanında açıq qələbə qazanmasını xalqımızın tarixi qələbəsi adlandırdılar.
Daha sonra söz Yazıçı-jurnalist Əlmaniz Ələkbərliyə verildi. Əlmaniz müəllim də, öz çıxışında Azərbaycanın bütün sahələrdə o cümlədən də, hərb sahəsində qazandığı uğurların arxasında Heydər Əliyev siyasətinin dayandığını dedi:-Birinci Qarabağ müharibəsinin hansı şəraitdə olduğu çoxlarının yadındadır. Onda insanlar yeməyə çörək belə tapa bilmirdi, odur ki, silah-sursatdan söhbət belə gedə bilməzdi. Dövrün qəhrəman oğulları əliyalın düşmənin üzərinə gedirdilər. Azərbaycan xalqı çaşqınlıq içərisində idi, bilmirdi ki, erməni kimi düşmənlə döyüşsün, vəyaxudda qardaş qırğınına getməsin. Bir müddət sonra Ulu öndərimiz paytaxt Bakıya gəldi və qardaş qırğınlarının qarşısını aldı.
Bununla da, suverenliyimizin məhv olmasının qarşısını aldı, elə bir müstəqil dövlət qurdu ki, bu gün dünyanın ən aparıcı dövlətləriylə bir sıradadır. Əlbəttə ki, Ümummilli liderimiz dünyanın bazar iqtisadiyyatı üzərində qurulduğunu yaxşı dərk edirdi. Odur ki, Ulu öndərimiz Böyük neft kontraktları bağlamaqla Azərbaycanı çox qüdrətli bir dövlətə çevirdi. Bəli, burada özündən sonrakı siyasi rəhbərin kimin olması da, böyük rol oynayırdı. Odur ki, onun siyasi varisi İlham Əliyev elan olunan gündən xalqımız Prezident İlham Əliyevin ətrafında da, sıx birləşdi. Dünyaya baxışı, öz intellekti, dünya görüşü, bir neçə dildə sərbəst danışması ilə dünya siyasətçilərinin diqqətini çəkən İlham Əliyev günü-gündən dünya siyasətçiləri arasında daha çox tanınmağa başladı.
O, Heydər Əliyev siyasətini daha müasir formada davam etdirməyə başladı. Nəhayət onun bəhrəsini bütün Azərbaycan xalqı və onu sevənlər gördülər. Azərbaycan məhz İlham Əliyevin rəhbərliyi ilə yüz illərlə edə bilmədiyini etdi. Öz ata-baba tarixi torpaqlarını işğal altından azad etdi. Nəzərə alsaq ki, bu məsələ təkcə torpaq, ərazi məsələsi deyildi, bu həm də qisas, intiqam məsələsi olduğuna görə Azərbaycan ordusu açıq döyüş meydanlarında erməni döyüşçülərini diz çökdürdü. Bu gün Ali Baş Komandanın Dəmir Yumruğunun və Azərbaycan Xüsusi Təyinatlıları olan, Yaşmanın adı gələndə ermənilər gizlənməyə yer axtarırlar.
Odur ki, əziz tədbir iştirakçıları, hörmətli sənətkarlıq evinin və filial kitabxana işçiləri, belə tədbirlər bizim xalqımıza yaraşır, bunların sayını çox edin ki, gələcək nəsillər daha vətənpərvər böyüsünlər. Və bu tədbiri hazırlayanlar, başda Pirdovs xanım, Əfsanə xanım olmaqla hər birinizə təşəkkürümü bildirirəm.
Sonra söz Zaqatala rayon mədəniyyət mərkəzinin direktoru Aybəniz Heydərovaya verildi:-hörmətli tədbir iştirakçıları məlum olduğu kimi ikinci Qarabağ savaşı, Vətən Müharibəsi başlayan kimi bütün Azərbaycan xalqı, o cümlədən bütün zaqatalalılar cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşdi və cəmi 44 gün ərzində Qüdrətli Azərbaycan ordusu erməni faşistlərini açıq döyüşlərdə diz çökdürdü. Bu bizim haqqımız idi, bu bizim qələbəmizdir, bu bizim şanlı tariximizdir. Bu qələbəni Ali Baş Komandan İlham Əliyev başda olmaqla, şəhidlərimizin canı-qanıyla, qazilərimizin canıyla əldə etdik. Bu gün Prezident İlham Əliyev başda olmaqla, Birinci xanım, Birinci Vitse Prezident Mehriban Əliyevanın timsalında Şəhidlərimiz hörmətlə anılır, onların analarına xüsusi diqqət və qayğı göstərilir. Allahdan siz qazilərimizə də can sağlığı arzulayıram.
Daha sonra tədbir çay süfrəsi ətrafında səmimi söhbətlərlə yekunlaşdı.
Diaspor.info
Zaqatala bürosu.
1 255