“Sevilənlər sevənlər” rubrikasının qonağı Gülyaz Məmmədova oldu
Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi növbəti canlı yayımın qonağı Xalq artisti, xanəndə, milyonların sevimlisi Gülyaz Məmmədova olub.
Kitabxanadan DİASPOR.İNFO-ya bildirilib ki, çoxlu sayda pərəstişkarlarının qoşulduğu canlı yayımın aparıcısı, kitabxananın şöbə müdiri Günay Həsənovanın və istifadəçilərin sualları, müsahibin cavabları ilə maraqlı və yaddaqalan olub. Gülyaz xanım, ilk növbədə, səhnəyə gəlişindən, keçmiş xatirələrindən söhbət açıb, Nəriman Əliyev, Kamil Vəzirov, Canəli Əkbərov kimi ustadların adını çəkib. Canlı yayım zamanı Gülyaz xanım operada oynadığı rolları haqqında məlumat verib, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli, “Arşın mal alan” operasında Telli, “Koroğlu” operasında Xanəndə qız, Şəfiqə Axundovanın “Gəlin qayası” operasında Gülbahar, Ramiz Mustafayevin “Vaqif” operasında Xanəndə qız, Vasif Adıgözəlovun “Natəvan” operasında Xanəndə qız, Niyazinin “Rast” baletində Xanəndə obrazlarını xüsusi olaraq qeyd edib.
Gülyaz Məmmədova uzun illər ərzində səhnəni tanınmış muğam ifaçıları, Mənsum İbrahimov, Baba Mahmudoğlu, Zahid Quliyev, Səbuhi İbayev, İlkin Əhmədov və digərləri ilə bölüşdüyünü vurğulayıb.
Canlı yayım zamanı muğam sənətinin incəlikləri, müasir dinləyici zövqü və s. mövzular ətrafında maraqlı söhbətlər aparılıb. Bundan əlavə, Gülyaz xanım yayım boyunca izləyiciləri canlı ifası ilə sevindirib, arzu və istəkləri nəzərə alaraq mahnılar səsləndirib.
Sonda qonaq bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib.