ZAQATALA ŞƏHƏRİNDƏKİ HEYDƏR ƏLİYEV ADINA MƏDƏNİYYƏT VƏ İSTİRAHƏT PARKI YERLİ SAKİNLƏRLƏ YANAŞI RAYONUN QONAQLARININ DA, ƏN SEVİMLİ MƏKANIDIR.
Zaqatala rayon mərkəzindəki 13 hektar ərazini özündə əks etdirən, Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkı Rusiyanın məşhur Kislavodsk parkından heç də, geri qalmır, mən deyərdim ki, daha yaxşıdır. Kislavodsk şəhərində küknar ağaclarının çoxluq təşkil etdiyi parkı çoxlarımız görmüşük. Zaqatala parkının ən böyük üstünlüyü ondadır ki, parkın əksər hissəsində bitən ağaclar təbii yolla bitənlərdir. Lakin Zaqatala Mədəniyyət və İstirahət parkına edilən xidmət onu dünyanın ən yaxşı parklarından birinə çevirib.
Atalar demişkən “bağa baxarsan bağ olar, baxmarsan dağ olar”.
Bu gün Ümummilli lider Heydər Əliyevin adını daşıyan Zaqatala rayon Mədəniyyət və İstirahət parkında olaraq, oradakı vəziyyətlə, aparılan təmizləmə, əkin işləri ilə yaxından tanış olduq. Müsahibimiz Heydər Əliyevin adına Zaqatala rayon Mədəniyyət və İstirahət parkının direktoru Hacımurad Berikov oldu.
Hacımurad müəllim bizi parkda görülən işlərlə yaxından tanış etdi.
Zaqatala dünyanın bütün dövrlərində gözəl olub, bu gün də gözəldir. Əbəs yerə buranı hələ sovetlər birliyi dönəmində belə “Kiçik Paris” adlandırmayıblar ki?, mən hər dəfə xarici ölkələri gəzib gəldikdən sonra Zaqatalaya yenidən vuruluram. Qızılgüllər diyarı olan Zaqatala, onun parkında əkilən müxtəlif növ güllərdən də, hiss olunur.
Hacımurad müəllimi bütün zaqatalalılar tanıyır, belə ki, hər gün səhərdən axşama kimi parkda olur, kiçik bir çatışmamazlıq vardırsa dərhal onu aradan qaldırır. Hacımurad müəllim deyir ki, park dahi şəxsiyyətin adını daşıdığı üçün burada bizim üçün məsuliyyət ikiqat artmalıdır: “Bilirsinizmi parka hər gün turist və yerli vətəndaşlarımız gəlir, uşaqlı ailələr günlərinin çoxunu burada keçirir. Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə özü də, parka xüsusi diqqət yetirir və öz qayğısını əsirgəmir. Bizim üzərimizə düşən əsas məsələ gördüyünüz bu gözəlliyi yaratmaq və onu göz bəbəyi kimi qorumaqdır. Fərqi yoxdur gələn kimdir, turist, yerli sakinlər vəyaxud məmur, biz öz işimizi vicdanla görürük. Odur ki, həmişə rayonumuzun adına xoş sözlər eşidirik.”
Bəli, bu həqiqətən də, belədir. Şəxsən mən özüm də, Kislavodsk şəhər parkının təriflənilən hər yerində oldum, yerli sakinlərlə söhbətim zamanı onları Zaqatalaya dəvət etdim. Onlara dedim ki, biz zaqatalamızı reklam etmirik, ancaq siz bilsəydiniz Zaqatala nə qədər gözəldir, Kislavodsk parkını bu qədər tərif etməzdiniz.
Heydər Əliyev adına Zaqatala Mədəniyyət və İstirahət parkında Hacımurad Berikov başda olmaqla, onun rəhbərlik etdiyi kollektivin böyük əməyini danmaq olmaz. Bəli, həqiqətən də, sözügedən parka xüsusi qulluq olunur, hər gün gül-çiçəklə yeniliklər edilir ki, bu da parka xüsusi gözəllik verir.
Onu da xüsusi qeyd etmək istəyirəm ki, bölgədə təkcə Zaqatala parkındakı kaçelyalar hər gün işləyir. Bəzi qonşu rayonların çoxunda parklardakı kaçelyalar sanki göstərmək üçün tikilmişdir. Ancaq Zaqatala şəhərində olan kaçelyalar həmişəki kimi işləyir.
Parkdan ayrılarkən uzun ömürlü Cökə ağaclarının parka xüsusi gözəllik verdiyinin bir daha şahidi oldum.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.