“20 sentyabr 1994-cü ildə “Gülüstan” sarayında imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi həkk olunan tarixi sənəddən sonra Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu, ölkəmizin bütün sferalarında tərəqqi ötən dövrlərin ən yüksək həddinə çatdı, insanların sosial vəziyyəti yaxşılaşdı. Əlbəttə, bütün bunların əsasında ölkəmizdə düzgün yürüdülən siyasət dayanırdı və bu siyasətin müəllifi Ulu Öndərimiz Heydər Əliyev idi. Ümummilli Liderin siyasətini daha modern formada və müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər bu gün dünyanın iqtisadi mərkəzlərində təhlil olunur, müqayisələr aparılır və Azərbaycanın uğurları təqdir edilir”. Bunu Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışına münasibət bildirərkən deyib.
Millət vəkili Cənub Qaz Dəhlizi layihəsinin işə düşməsindən əvvəl baş verən önəmli hadisələrə diqqət çəkərək qeyd edib ki, 10 Sentyabr 2003-cü ildə inşasına başlanan və 2006-cı ildə istismara verilən Bakı-Tbilisi-Ceyhan boru xəttinin işə düşməsi Azərbaycanın həyatında böyük rol oynayan meqalayihələrdən biri və ən önəmlisi idi: “2011-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında imzalanan və Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. 2012-ci il iyunun 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzaladılar. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. 29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanıldı. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə Avropa bazarına tədarükünə başlanıldı. "Cənub Qaz Dəhlizi"nin məqsədi Türkiyəyə və Cənubi Avropaya TANAP və TAP vasitəsilə qaz ixracını təmin etməkdir. “Şahdəniz Mərhələ 2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə olmaqla, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, enerji təhlükəsizliyini artıracaq”.
A.Hüseynov bildirib ki, Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir: “Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Bu layihənin iştirakçıları olan Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya kimi ölkələrin hər biri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamaqla, həm də çox effektli çalışıblar. Ötən ilin sonunda - 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu fazası olan TAP layihəsinin inşası yekunlaşıb. Cənab Prezident İlham Əliyev bu barədə öz çıxışında belə deyib: “Əlbəttə ki, biz enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı olmadan uğur qazana bilməzdik. Bu gün onlar buradadırlar. Əlbəttə, onların, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərli idi. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı. İndi biz bütün nöqteyi-nəzərlərdən mürəkkəb olan bu layihənın yüksək səmərəliliklə tamamlanmasına görə həqiqətən də fərəhlənə bilərik”. Bəli, Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini verib. Bir məsələni də qeyd etmək yerinə düşər ki, bu gün Avropanın əlavə qaz mənbəyinə tələbatı getdikcə artmaqdadır. Bura Avropanın ən böyük maviyanacaq tədarükçüsü olan Rusiyaya qarşı Qərbin sanksiyalarının nəticələrini də əlavə etsək “Qoca qitə”nin qaza olan tələbatının nə qədər artdığını əyani şəkildə görə bilərik. Məhz bu səbəbdən Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra dünya bazarına, o cümlədən Avropaya qaz ixracını artırıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8,5, İtaliyaya isə 7, bundan başqa Gürcüstana, Yunanıstana və Bolqarıstana üst-üstə 3,5 milyard kubmetr olmaqla, ümumi olaraq 19 milyard kubmetr təbii qaz ixrac edib. Qeyd edək ki, Azərbaycan həm də etibarlı tərəfdaş, etibarlı təchizatçısı kimi iqtisadi əlaqələr qurduğu ölkələr arasında böyük nüfuza sahibdir. 2006-cı ildən indiyə kimi təchizatda heç bir fasilə olmayıb, müqavilə şərtləri pozulmayıb. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub”.