BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda dünya ərzaq qiymətlərinin rekord həddə çatdığını bildirir.
Diaspor info bu barədə rus mətbuatına istinad edir.
Məsələn “UNN” saytı yazır ki, Qara dəniz regionunda müharibə əsas taxıl və bitki yağları bazarlarında qarışıqlıq yaradıb və nəticədə mart ayında dünya ərzaq qiymətləri kəskin şəkildə artıb.
2022-ci ilin mart ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatının Ərzaq Qiymətləri İndeksinin indeks yaradıldığı 1990-cı ildən bəri ən yüksək səviyyəyə çatdığı, yəni fevralla müqayisədə 12,6 faiz artaraq 159,3 bənd təşkil etdiyi bildirilir. Bu indeks ən populyar ərzaq məhsullarından ibarət səbət üzrə dünya qiymətlərinin aylıq dəyişməsini izləməyə imkan verir. Bu səviyyədə indeks 2021-ci ilin mart ayı ilə müqayisədə 33,6 faiz yüksək olub.
Xüsusilə, mart ayında taxılın qiymət indeksi fevral ayı ilə müqayisədə 17,1 faiz yüksək olub ki, bu da deyildiyi kimi, buğdanın və bütün yemlik taxılların qiymətlərinin əhəmiyyətli dərəcədə artması, əsasən də Ukraynadakı müharibə ilə əlaqədar olub.
Bildirilir ki, son üç ildə Rusiya Federasiyası və Ukraynanın payına dünya buğda ixracının təxminən 30, dünya qarğıdalı ixracının isə təxminən 20 faizi düşüb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, buğdanın dünya qiymətləri ay ərzində 19,7 faiz bahalaşıb ki, bu da Amerika Birləşmiş Ştatlarında taxılın vəziyyəti ilə bağlı narahatlıqlarla bağlı olub. Qarğıdalı qiymətləri bir ayda 19,1 faiz artaraq rekord həddə çatıb.
Təşkilat bildirib ki, Ukraynanın dünyanın aparıcı ixracatçısı olduğu günəbaxan yağının kotirovkalarının artması nəticəsində mart ayında bitki yağlarının qiymət indeksi 23,2 faiz artıb.
Ekspertlər hesab edir ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə indi dayandırılmasa, qlobal ərzaq böhranına və aclığa gətirib çıxara bilər, onun ən ağır nəticələri 2023-cü ildə hiss olunacaq.
Əli Babayev