“Azərbaycan və Meksika arasındakı münasibətlər Azərbaycanın müstəqilik dövrünün ilk vaxtlarına təsadüf edir. İki ölkə arasındakı diplomatik əlaqələr 1992-ci ildə qurulmuşdur”. Bu sözləri Diaspor info-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, daha sonra bu diplomatik əlaqələr genişlənərək ticari dövriyyənin artmasına və iqtisadi əlaqələrin formalaşmasına gətirib çıxardı: “Son zamanlarda isə ticarət dövriyyəsi əvvəlki, 10 illə müqayisədə ciddi şəkildə artıb. 2010-cu ildə Meksika ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 3 milyon dollar həcmində idi. Lakin bu gün isə 50 milyon dollardan artıqdır. Bu 10 il ərzində 17 dəfə artım deməkdir. Ticarət dövriyyəsinin strukturuna baxdıqda görərik ki, demək olar ticarət dövriyyəsi idxaldan ibarətdir. Yəni biz 50,2 milyon dollarlıq bir ticari dövriyyənin 50 milyon dollarını Meksikadan məhsul alırıq. İxracımız isə cəmi 200.000 milyon dollardır. Lakin Azərbaycan və Meksika arasında olan diplomatik münasibətlərin artması hətta müəyyən siyasi arenalarda Azərbaycanı dəstəkləyən mövqe sərgilənməsi bu iki dövlət arasında olan mövcud potensialları artırmağa fürsət verir. Bunlardan da biri məhz turizm sahəsindəki əməkdaşlıqdır. Bir müddət əvvəl iki ölkənin rəsmilərinin görüşü və bu sahəsinin perspektivlərinin inkişaf etdirilməsi ilə bağlı müzakirələr də aparılmışdır.
Nəzərə alsaq ki, Meksikanın 130 milyondan artıq bir əhalisi var. Azərbaycanın ixracı çox aşağı səviyyədədir və bunun üçün də məhz turizm potensialının inkişaf etdirilməsi meksikalı turistlərin ölkəyə cəlb etdirilməsi üçün bir fürsət ola bilər. Yəni biz onlara məhsul sata bilmiriksə xidmət satarıq. Xidmət satmaq o deməkdir ki, ölkəmizə çoxlu sayda turist cəlb etməklə biz turistik xidmətləri istifadəyə verə bilərik”.
Müəllif: Banuçiçək Hüseynli
162