“2021-ci ilin yekununa əsasən Azərbaycanın idxal etdiyi bitki yağlarının miqdarı 126 min ton təşkil edib. Eyni zamanda ölkəmizdə 75 min ton bitki yağları istehsal olunub”. Bu sözləri Diaspor info-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, idxalımız istehsaldan çox olsa da, Azərbaycanın ilin sonuna bitki yağına olan ehtiyatı 226 min ton olub: “Bu da ondan xəbər verir ki, Azərbaycan 2022-ci ilə bitki yağı üzrə ehtiyacla daxil olub. Təbii ki, bu gün quru və bitki yağlarının dünya bazarında qıtlığı müşahidə olunur. Xüsusən də bu qıtlıq Avropada daha çox müşahidə olunur. Çünki Avropa idxal baxımından Rusiyadan birbaşa asılıdır. Ancaq son illərdə ölkəmizdə istehsalın genişlənməsi müşahidə olunur. Son dövrlərdəki rəqəmlər onu göstərir ki, istehsal əvvəlki illərə nisbətən daha da artıb. Bu isə onu sübut edir ki, növbəti illərdə Azərbaycan bitki yağlarında olan idxalı kəskin azalda biləcək və daha çox yerli istehsal hesabına istehlakı ödəmək imkanına malik olacaq. Bu konteksdə əsas məqsəd ondan ibarətdir ki, növbəti illərdə istehlak bazarında tarazlığın qorunub-saxlanılması və əsas strateji məhsullarının, o cümlədən də bitki yağı üzrə istehlakda yerli istehsalın payının artırılmasına nail olunsun”.
Müəllif: Banuçiçək Hüseynli
218