44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş torpaqlarımızda başladılan irimiqyaslı işlər Azərbaycanda aşağı düşmüş tikinti-inşaat sferasını yenidən yüksəldib. Diaspor info-ya daxil olan məlumata görə, Asiya İnkişaf Bankının iyul ayı üzrə verdiyi "Asian Development Outlook-2022" məruzəsində bildirilir ki, ölkəmizdə tikinti-inşaat işlərinin həcmi 5,2% artıb.
Asiya İnkişaf Bankı digər sektorların da inkişafına toxunaraq məruzəsində bildirib ki, 2022-ci ilin may ayındakı hesabatına görə, Azərbaycanın iqtisadi tempi 7,2 % artıb və bu yüksək artım tempi özünü neft sahəsində xüsusilə göstərib.
Qafqaza görə artım 3,6%-dən 3,8%-ə qədər, Mərkəzi Asiya üzrə isə 4%-dən 4,1%-ə qədər olacaq
Adıçəkilən nüfuzlu bank 2023-cü il üçün Qafqaz və Mərkəzi Asiya üzrə subregional artım proqnozunu da irəli sürüb. Belə ki, Qafqaza görə artım 3,6%-dən 3,8%-ə qədər, Mərkəzi Asiya üzrə isə 4%-dən 4,1%-ə qədər olacaq.
“Bu, əsasən Azərbaycan, Gürcüstan, Ermənistan və Tacikistan üçün proqnozların yaxşılaşmasını əks etdirir. Belə ki, bu ölkələr Ukraynada davam edən müharibənin yaratdığı iqtisadi böhrandan çıxmağı gözlənildiyindən də yaxşı bacarıblar”, deyə qeyd edilən məruzədə o da istisna edilmir ki, buna baxmayaraq dünyada mövcud olan qeyri-müəyyən geosiyasi vəziyyətə görə, yaxın aylarda iqtisadiyyatların artımında yavaşlamaları da müşahidə etmək mümkündür.
Rövşən RƏSULOV