44 günlük Vətən müharibəsindən ötən müddətdə təkcə işğaldan azad olunmuş ərazilərimizdə deyil, Azərbaycanın bütün bölgələrində intensiv abadlıq-quruculuq işləri aparılır, sosial layihələr uğurla icra olunur. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində dövlət başçısının iştirakı ilə bir sıra sosial və iqtisadi xarakterli obyektlərin, xidmət mərkəzlərinin, sosial obyektlərin açılışı olub və istifadəyə verilib. Bu, davamlı xarakter alıb. Bölgələrdə yeni müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Bu gün, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən müasir aqroparkların yaradılması xüsusi əhəmiyyətə malikdir. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır.
Bu gün həqiqətən də Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf və tərəqqi mərhələsini yaşayır. Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi isə insanların sosial rifahının yüksəlişinə xidmət göstərir. Həyata keçirilən islahatlar və layihələrə dövlət başçısının diqqətindən kənarda qalmır. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Ağsu-İsmayıllı səfəri də bu, qəbildəndir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin rayonlara səfərləri yeni müəssisə və obyektlərin, iş yerlərinin açılması, infrastruktur layihələrinin icrası ilə müşayiət olunur. Ölkəmizin hər bir guşəsində elektrik enerjisi, su, qaz təchizatı və s. ilə bağlı əhəmiyyətli layihələr icra edilib. Onu deyək ki, təkcə İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən artıqdır, Ağsuda isə 100 faizə yaxındır. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxananın tikilməsi, 100-ə yaxın məktəbin inşa edilməsi, ya da əsaslı şəkildə təmir olunması bölgənin gələcək inkişafına müsbət təsirini göstərib.
Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ölkəmizin ərzaq təhlükəsizliyi məsələlərinə də aydınlıq gətirib. Ağsu rayonunda yaradılmış "Ağsu Aqropark" ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına və qeyri-neft ixracımızın artmasına töhfə verəcək. Bu müəssisədə 200-ə qədər yeni iş yeri yaradılıb. Bu gün Azərbaycan özünü 90 faiz ət, 80 faiz quş əti, 85 faiz süd, süd məhsulları ilə təmin edir. "Əminəm ki, növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq, baxmayaraq ki, tələbat da artır", - deyə Prezident müsahibəsində bildirib. Taxıl qıtlığı bu gün dünyada diqqətdə olan məsələlər sırasındadır və Azərbaycanda da bu məsələ diqqətdədir. "Amma əfsuslar olsun ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq", - Cənab İlham Əliyev qeyd edib. Əlbəttə ki, bu vaxt tələb edən bir prosesdir. Dövlət başçısının bildirdiyi kimi, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır.
Artıq 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycan əzəli torpaqlarda da əkin-biçinə başlayıb. "Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək" deyən Prezident kənd təsərrüfatı sahəsində görülən işlərə nəzər salıb. Həmin əraziləri əlverişli iqlimi, eləcə də təbii mühit kənd təsərrüfatı, maldarlıq və bitkiçilik üçün əlverişlidir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra dövlət başçısının göstərişi ilə azad olunan ərazilərimizdə əkin-biçinlə başlanıldı. "Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq çox aşağıdır, bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır", - deyə bildirib. Növbəti illərdə məhsuldarlığın artmasına heç bir şübhə yoxdur. "Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə", - vurğulayan Prezident onu da diqqətə çəkmişdir ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdı. 30 ilə yaxın işğal dövründə təcavüzkar siyasətini həyata keçirən ermənilər öz suyumuzdan belə bizi məhrum etmişdi. Tərtər, Həkəri, Bazar kimi çayların suyundan istifadə edə bilmirdik.
Onu da xüsusi olaraq bildirək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında heyvandarlıq, quşçuluq, taxılçılıq, meyvəçilik kimi sahələrin inkişafına böyük imkanlar var. Kəlbəcər, Zəngilan, Laçın rayonlarının heyvandarlıq üçün olan potensialı nəzərə alınaraq artıq ikinci ildir ki, çobanlar qoyun sürüləri ilə oraya göndərilib. Eyni zamanda, dövlət başçısı müsahibəsində qeyd etdiyi kimi, artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında isə taxılçılıq, üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdiriləcək. Artıq kifayət qədər işlər görülüb. "Azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili bizə imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəcəklər, yaxşı vəsait əldə edəcəklər, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artacaq"- deyə Prezident bildirib.