Cari ilin avqust ayında 34 mindən çoxu canlı rejim, qalanları isə səsli menyu xidməti olmaqla İqtisadiyyat Nazirliyinin “195-1” Çağrı mərkəzinə ümumilikdə, 48 minə yaxın müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən Diaspor info-ya bildirilib ki, müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergiödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib. Çağrı mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.
Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış “195-1” Çağrı mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar. Çağrı mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.