"Bakıdan bölgələrə mədəni marşrut" layihəsinə start verilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına şəhər kütləvi kitabxanası "Bakıdan bölgələrə mədəni marşrut" adlı layihəyə başlayıb. Diaspor.infonun məlumatına görə, layihənin məqsədi paytaxtda yerləşən kitabxanalar, mədəniyyət mərkəzləri, musiqi məktəbləri ilə bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələri arasında körpü qurmaq, əməkdaşlıqları daha da möhkəmləndirməkdir.
Marşrutun ilk “dayanacağı” Salyan rayonu, Dayıkənd kənd mədəniyyət evi olub. Kənd mədəniyyət evinin rəhbəri ilə sosial media üzərindən videobağlantı həyata keçirilib. Bu günlərdə göstərilən xidmət, planda olan tədbirlərin hansı formada reallaşmasından söhbət açılıb. Həmçinin Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə videozənglər olunub, karantin günlərində virtual tədbirlərin, sərgilərin keçirilməsi barədə təcrübə mübadiləsi aparılıb.
Mədəni marşrutun keçdiyi növbəti mərkəz Xızı rayonu olub. Bu dəfə M.Ə.Sabir adına şəhər kütləvi kitabxananın əməkdaşları bu rayonun yetirməsi olan M.Müşfiqin yaradıcılığı ilə mədəni irsin Xızıdakı resurs mərkəzlərinə müraciət edərək videomaterial hazırlayıb. Sosial media üzərindən Xızı rayon MKS-i ilə canlı bağlantı həyata keçirilib və videomaterial onlara təqdim olunub. Videozəng zamanı müəssisə əməkdaşları iş təcrübələrini bölüşüb və yaxın planda olan layihələr barədə danışılıb.
Layihə haqqında məlumatı kitabxananın sosial şəbəkələrdə olan hesablarından əldə etmək olar.